20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da İraqın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan (0:0) sonra mətbuat konfransında fikirlərini bildirib.


Rekord.az xəbər verir ki, o, qolsuz bərabərliklə bağlı bunları söyləyib:


“Təlim-məşq toplanışının gedişindən çox məmnunam. Futbolçularımız tələblərimizə müsbət cavab verirlər. Bütün komandadan razıyam. Əsas məqsədimiz gündən-günə daha da inkişaf etməkdir. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır.


O ki qaldı bugünkü oyuna, birinci hissədə rəqibin qapısı qarşısında üç təhlükəli vəziyyət yaratdıq. Həmin epizodlarda daha dəqiq çıxış edə bilərdik. Bacardığımız qədər keyfiyyətli oyun ortaya qoymağa çalışdıq. Oyunboyu müdafiədə inamlı olduq. Hücum fazasında da artırmağa çalışırıq”.

 

Qeyd edək ki, U-20 millimiz İraq yığması ilə ikinci yoldaşlıq oyununu noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.