Məğlub komanda niyə alqışlanır?
- 2023-03-09 11:10
- 1430
Bazar günü “Turan Tovuz” “Neftçi”yə 0:4 hesabıyla məğlub oldu. Bu məğlubiyyət Tovuz təmsilçisi üçün mövsümdə 13-cü idi. Ayxan Abbasovun çalışdırdığı komanda indiyə qədər keçirdiyi 25 oyunda cəmi 7 qələbə qazanıb. Beş görüşdə tovuzlular meydandan bərabərliklə ayrılıb. Deməli, qələbəylə məğlubiyyətin nisbəti təxminən 1/2 kimidir. “Turan Tovuz” azarkeşlərini qələbəyə sevindirdiyi oyunların sayından düz iki dəfə çox sayda məğlubiyyətə üzüb. Yeni sponsorun gəlişi ərəfəsində və ondan sonra futbolçularda ruh yüksəkliyi yaranmışdı. Sponsorluq müqaviləsi imzalanan ərəfədə “Turan Tovuz” “Şamaxı”nı məğlub etdi. İmzalanma mərasimi keçirilən gün isə “Kəpəz” Tovuzdan əliboş yola salındı. Masazırda “Sabah” üzərində qazanılan qələbə isə həmin turun sensasiyası sayılırdı.
Düşünmək olardı ki, komandanın maliyyə problemlərinin həlli, yeni sponsorla AFFA-nın səylərini birləşdirib, “Turan Tovuz” üçün avtobus alması əla motivasiya yaradıb. Bu düşüncəylə “Turan Tovuz”un qarışısıalınmaz komandaya çevriləcəyinə, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirəcəyinə əməlli-başlı inanmışdıq. Amma bu ehtimallar doğrulmadı. “Sabah”ı səfərdə məğlub edən komanda doğma meydanda “Zirə”yə yenildi. Özü də “quru” hesabla. Həmin məğlubiyyətin “Sabah”la oyundan sonraya təsadüf etməsi belə bir düşüncə yaradırdı ki, futbolçularda eyforiya yaranıb və onlar həmin eyforiyadan əziyyət çəkdiklərinə görə “Zirə”ylə oyuna özündənrazı çıxıblar. Di gəl ki, problem təkcə “Zirə”ylə oyunla məhdudlaşmadı. “Turan Tovuz” “Zirə”dən sonra “Neftçi”yə də məğlub oldu, özü də qol vurmadan. Bu dəfə hesab daha böyük alındı – 0:4. Yeri gəlmişkən, rəqib qapılara 19 dəfə yol tapan “Turan Tovuz” öz qapısında 33 dəfə qol görüb. Göstərici faciəvi olmasa da, heç yaxşı da deyil. Qələbələrlə məğlubiyyətlər arasındakı ikiqat fərq burda da “qorunur”.
Bəli, “Neftçi”nin gücü, səviyyəsi bəllidir. Amma bu əlahəzrət faktın özü belə 0:4 hesablı məğlubiyyətə bərabət hesab edilə bilməz. Birincisi ona görə ki, “Neftçi” bu mövsüm heç bir rəqibini belə rahatlıqla yenməmişdi. İkincisi isə “Turan Tovuz” “Şamaxı” kimi bütünlüklə yerli futbolçulardan təşkil edilməyib. Belədə futbolçuların təcrübəsizliyindən, “Neftçi” qarşısında həyəcanlanmasından danışmağa dəyməz. Ayxan Abbasovun sərəncamında doqquz ölkədən eyni sayda legioner var. Həmin legionerlərin gəldikləri ölkələrin adına diqqət edəndə isə siyahıda Böyük Britaniya, Cənubi Afrika Respublikası, Burkina Faso kimi maraqlı adlar görürük. Deməli, Ayxan bəyin heyət problemlərindən, futbolçuların səviyyəsindən şikayətlənməsi ədalətli olmaz. “Legioner yerli futbolçulardan azı bir baş üstün olmalıdı” deyimini futbolla maraqlananlar əzbər bilir.
Bütün bunlar öz yerində. Deyək ki, 0:4 hesabıyla uduzan komandanın futbolçularının da, baş məşqçisinin də özünə görə həqiqəti var. Amma bu həqiqətlər azarkeşləri yuxuya verməməli, onlar məğlubiyyətlə barışmamalıdı. 0:4 hesabıyla uduzan komandanı alqışlayıb, başına sığal çəkərlərmi? Ardıcıl iki görüşdə qol vurmadan məğlub olan futbolçulara “siz bizim qürurumuzsuz” demək düzgündümü? Dəyərli “Turan Tovuz” azarkeşi “Neftçi”ylə görüşdən sonra məhz bu cür qəribə davranış sərgilədi, biz də bəh-bəhlə bunu paylaşdıq. Uduzan futbolçu hansı məsuliyyəti hiss edəcək, gələn oyunda qələbə üçün necə can qoyacaq? Ümid edək ki, tovuzlu azarkeşlərin bu davranışı futbolçuları utandırmağa hesablanıbmış.