
“Kopenhagen”lə matça məsuliyyətli yanaşırıq” - Qurban Qurbanov
- 30 Sen 2025 15:45
- 53
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:
"Bu matça məsuliyyətli yanaşırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Kopenhagen" ciddi rəqibdir".
Təcrübəli baş məşqçi "Qarabağ"a Avropa futbolunda diqqətin olmasına görə sevindiyini vurğulayıb:
"Qalibiyyət futbolumuzu daha sevdirir. Oyunçulara inam verir. Bu sahəyə yatırım qoymaq insanlara həvəs verir. Futbol idmanın şahıdır. Ölkəmizin tanınmasında az da pay sahibi oluruq. Belə olan halda məsuliyyət daha da çoxalır. Azarkeşlərimiz matçlara ümidlə gəlirlər. Biz də bunu dərk edirik. Furbolçuda həyəcan olursa, bunun arxasında məsuliyyət dayanır. İdman elə şeydir ki, işin içinə girəndə qorxu və həyəcan yox olur. Bunu dərk edərək meydana çıxmaq lazımdır. 90 dəqiqə həyəcanın olması problemdir. Bizdə belə hal yoxdur'.
Qurbanov Respublika stadionunda oyunçuların özlərini daha yaxşı hiss etdiyini söyləyib:
"Oyunlarımızı Bakı Olimpiya Stadionunda keçirə bilərdik. Amma arena hazır deyil. Hər halda meydan amili rol oynayır. Hazırda oyunçular burada özünü komfortlu hiss edirlər. Bakı Olimpiya Stadionunda olsaydı, yenə məsuliyyətli olacaqdıq".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.