
“Komanda olaraq Avropa Kubokunda mübarizə aparmağı öyrənirik”
- 16 Okt 2025 23:59
- 31
"Abşeron Lions" komandası Avropa Kubokunda mübarizə aparmağı öyrənir.
Rekord.az xəbər verir ki, bunu "Abşeron Lions" basketbol klubunun baş məşqçisi Erhan Toker mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda Estoniya təmsilçisi "Kalev"ə məğlub olduqları FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Qrup oyunlarına qələbə ilə start vermək istəyirdik. Rəqib Avropa turnirlərində müəyyən təcrübəyə malik komandadır. Bu mənada aqressiv oynamağa çalışdıq. Bir neçə gün idi ki, bu qarşılaşmaya hazırlaşırdıq. Təəssüf ki, qələbə qazana bilmədik. Rəqib matç ərzində asan xallar qazandı. Oyunun sonlarında göstərdiyimiz əzmi daha əvvəldən göstərsəydik, qələbə qazana bilərdik. Lakin hesabda 15 xallıq fərqlə geriyə düşdükdə, bunu aradan qaldırmaq çətin olur. Qarşılaşmanın əvvəlində rəqib sərt oynayırdı. Biz sərt mübarizə aparmağa başladığımızda artıq müəyyən qədər gec idi. Komanda olaraq Avropa Kubokunda mübarizə aparmağı öyrənirik".
"Abşeron Lions" - "Kalev" matçı rəqibin 93:85 hesablı qələbəsi ilə bitib.