"Kəpəz" sabah tarixində 31-ci dəfə Azərbaycan kuboku uğrunda yarışda mübarizəyə başlayır.


Rekord.az xəbər verir ki, komandanın kubokdakı növbəti sınağı ərəfəsində yaxın keçmişə nəzər salıb, maraqlı məqamları xatırlatmaq yerinə düşər.


4-də 4 


"Sarı-göylər" indiyədək 4 dəfə kubokun finalında iştirak hüququna yiyələniblər. Özü də hər 4 həlledici görüş uğurla nəticələnib. "Kəpəz" tarixinin qızıl dövrünə təsadüf edən bu nailliyətlər zamanı komandanın baş məşqçisi Gəncə futbolunun canlı əfsanəsi Mehman Allahverdiyev olub. 


"Kəpəz" finallarda 

1993/94 "Kəpəz" - "Xəzər" (Lənkəran) 2:0

1996/97 "Kəpəz" - "Xəzri" 1:0

1997/98 "Kəpəz" - "Qarabağ" 2:0

1999/2000 "Kəpəz" - "Qarabağ" 2:1


"Kəpəz" 3-cü yerdə 

Ümumiyyətlə, indiyədək Azərbaycan kubokunu 10 kollektiv qazanıb. "Kəpəz" qaliblərin siyahısında titulların sayına görə 3-cü yeri tutur.


Azərbaycan kubokunun qalibləri:

"Qarabağ" - 8 dəfə

"Neftçi" - 6 dəfə

"Kəpəz" - 4 dəfə

"Bakı" - 3 dəfə

"Xəzər-Lənkəran" - 3 dəfə

"Keşlə" - 2 dəfə

"Qəbələ" - 2 dəfə

"Sabah" - 2 dəfə

"İnşaatçı" - 1 dəfə

"Şəfa" - 1 dəfə


Eyni mərhələ, eyni rəqib 

"Kəpəz"in 2026/27 mövsümündə ilk rəqibi I Liqa təmsilçisi "Baku Sportinq"dir. Püşkatma zamanı "Baku Sportinq"in adı çıxan zaman sanki dejavu yaşandı. Axı gəncəlilər 3 il öncə ölkə kubokunun ikinci təsnifat mərhələsində məhz elə bu rəqiblə üzə-üzə gəlmişdilər. Həmin vaxt "Baku Sportinq"i matçın əsas vaxtında üstələyə bilməyən "Kəpəz" əlavə hissələrdə 2 qol vuraraq 1/8 finala yüksəlmişdi. 


Avrokuboklara ən qısa yol 

Bəli, kubok yarışını adətən belə adlandırırlar: qitəmiqyaslı turnirlərə ən qısa yol. Çünki uzun və gərgin çempionatdan fərqli olaraq, kubokda cəmi 5-6 rəqibi üstələməklə, həm baş mükafatı qazanmaq mümkündür, həm də avrokuboklara vəsiqəni. "Kəpəz" bir oyunluq format üzrə keçirilən ikinci təsnifat mərhələsində "Baku Sportinq"ə qalib gələcəyi təqdirdə, 1/8 finalda səfərdə "Turan Tovuz"la qarşılaşacaq. “Kəpəz”in altqrupunda favoritlərdən biri "Zirə" sayılır. Yəni, 1/4 finalda mümkün rəqib adıçəkilən klub ola bilər.


Kubok yarışı sürprizlərlə doludur. Güclü azarkeş dəstəyi sayəsində Misli Premyer Liqasında uğurlu qrafik cızan "sarı-göylər" kubokda iddialı ola bilərlər. Final matçının 2027-ci il mayın 12-də Gəncə şəhər stadionuna təyin olunduğunu nəzərə alsaq, "Kəpəz"in finala yüksəlişi yerli futbol həvəskarları üçün ikiqat bayram olardı. Necə deyərlər, iştah diş altındadır.


"Kəpəz" Azərbaycan kuboku yarışlarında:


114 oyun, 63 qələbə, 16 heç-heçə, 35 məğlubiyyət; topların fərqi 203-122


1992 - 1/8 final

1993 - birinci tur

1993/94 - qalib

1994/95 - 1/2 final

1995/96 - 1/4 final

1996/97 - qalib

1997/98 - qalib

1998/99 - 1/4 final

1999/2000 - qalib

2000/01 - 1/4 final

2001/02 - 1/2 final

2003/04 - 1/8 final

2004/05 - 1/8 final

2005/06 - 1/8 final

2009/10 - 1/8 final

2010/11 - 1/8 final

2011/12 - 1/8 final

2012/13 - 1/8 final

2013/14 - ikinci tur

2015/16 - 1/8 final

2016/17 - 1/4 final

2017/18 - 1/4 final

2018/19 - 1/8 final

2019/20 - 1/8 final

2020/21 - 1/4 final

2021/22 - 1/8 final

2022/23 - 1/4 final

2023/24 - 1/8 final

2024/25 - 1/4 final

2025/26 - 1/4 final