“Futzalçılarımız üçün tarixi şansdır”
- 22:00
- 35
UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah mübarizəyə başlayacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.
Rekord.az xəbər verir ki, artıq iki gündür Polşada olan təmsilçimizin baş məşqçisi Fərid Ələkbərov federasiyanın rəsmi saytına komandanın son durumu barədə açıqlama verib:
“Son iki məşqimizi oyunun keçiriləcəyi “Prezero Arena”da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası zədəli futzalçımız yoxdur. Komanda demək olar, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həyəcanı yaşamaq hər idmançıya qismət olmur”.
Baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcək Ələkbərov rəqibin kimliyindən asılı olmayaraq maksimum nəticə üçün mübarizə aparacaqlarını vurğulayıb:
“Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Xüsusilə də meydan sahibi kollektivi qeyd etmək istərdim. Onlar neçə ildir uğur qazanmaq üçün heyət yığırlar. Həm də oyunlar onların doğma məkanında keçiriləcək. Azarkeş dəstəyi də onların xeyrinə olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq, sona qədər mübarizə aparacağıq. Məqsədimiz isə bütün oyunlarda qələbə qazanmaqdır”.