Azərbaycan millisinin Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti rəqibi bəlli olub.


Rekord.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.


Qarşılaşma oktyabrın 28-də Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.


Cütün qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.


C Liqasının digər cütləri:


11:30. Fransa - Trinidad və Tobaqo


11:30. Yaponiya - Mozambik


11:30. Benin - Kuba


11:30. Uqanda - Yəmən


11:30. Tunis - Namibiya


11:30. Nigeriya - Yeni Kaledoniya


11:30. İndoneziya - Moldova


11:30. Tailand - Əfqanıstan


11:30. Panama - Qazaxıstan


11:30. Honduras - Hindistan


12:45. Vyetnam - Ruanda


12:45. Macarıstan - Malavi


12:45. Lüksemburq - Liberiya


12:45. Şotlandiya - Nikaraqua


Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.


Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.


Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.


Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.