AÇ-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə – Türkiyə oyununu (3:1) izləyən FİFA-nın prezidenti Canni İnfantino Azərbaycana növbəti səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri bunları deyib:

“Yenidən Bakıya gəldiyim və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı dostlarımı gördüyüm üçün çox şadam. Uzun illərdir tanıdığım AFFA-nın prezidenti Rövnəq Abdullayevlə və onun rəhbərlik etdiyi komandanın üzvləri ilə ünsiyyətdə olmaqdan hər zaman məmnunluq hissi keçirirəm. Bir neçə maraqlı mövzu ətrafında səmərəli müzakirələrimiz oldu. AFFA hər zaman FİFA-nın dəstəyinə əmin ola bilər, FİFA isə AFFA-nın gələcəkdə də Azərbaycanda və regionda futbolun inkişafına böyük töhfələr verəcəyinə inanır. Ümid edirəm ki, Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq. Yaxın gələcəkdə Bakıya yenidən dönəcəyim günü səbirsizliklə gözləyəcəyəm”.