
“İlk hissədən həddindən artıq narazıyam” - Samir Abasov
- 22 Avq 2025 20:30
- 46
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 2-ci turunun açılış matçında “İmişli” ilə qarşılaşıb.
Rekord.az xəbər verir Şamaxı şəhər stadionunda keçirilən matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
Abasov 0:0 hesabı ilə başa çatan oyunu belə şərh edib: “İlk öncə azarkeşlərimizə təşəkkür edirəm. Əziyyət çəkib gəlmişdilər. Komandamızın arxasında olduqlarını hiss etdirdilər. Sağ olsunlar.
Bu gün yenə iki xal itirdik. Başa düşürük ki, “rezultat” yaxşı deyil. İlk turdakı oyundan sonra da rəhbərlik necə arxamızda olduğunu göstərdi. Amma inanıram ki, yaxşı komanda formalaşdıracağıq. İlk hissədəki oyundan razı qalmadım. Başa düşürük ki, belə qapanan komandalara qarşı yaranan fürsətlərdən yararlanmalıyıq. Şanslarımız da oldu. Yenə də deyirəm, ilk hissədən həddindən artıq narazıyam. Amma komandam ikinci hissədə daha istəkli görünürdü. Baxmayaraq ki, yenə top itkiləri var idi.
Emin Mahmudov özü əvəzlənməyini istədi. Səhhətində yaranan problemə görə əvəzlədim.
Komandam formalaşıb. Sadəcə, bir az oyunçular bir-birini anlamaqda çətinlik çəkir. Bunu məşqlərdə də sezirik, sadəcə zaman lazımdır. Yenə də deyirəm, bu iki oyunda əlimizə düşən imkanlardan yararlansaydıq, indi fərqli olardı.
Bu gün müdafiəni qurmaq asandır. Bir komandanı müdafiədən oynatmaq o qədər də çətin deyil. Amma bizim işimiz müdafiə ilə yanaşı, həm hücuma çıxmaq, həm qollar vurmaq… Əlbəttə ki, qapında qollar olacaq. Biz çalışırıq bunları minimuma endirək. Bacarırıq da, amma hücumda bir az çətinlik çəkirik. Ancaq inanın ki, bunun da öhdəsindən gələcəyik. Yeni komandadır, anlaşmalarda çətinlik var.
Süni örtüklü meydançalarda çox çətindir. İstər top qəbulu olsun, həmçinin, futbolçularda diskomfort yaradır. Həddindən artıq çox çətindir. Top oyunçunun qarşısına elə gəlir, qəbul etmək asan deyil.
Transferləri yekunlaşdırmamışıq. Daim axtarışdayıq”.