Bu gün Misli Premyer Liqasının 2025/26-cı il mövsümünə start verilib.


Rekord.az xəbər verir ki, iİlk turun Şamaxı şəhər stadionunda keçirilən açılış matçında “Qəbələ” “Karvan-Yevlax”ın qonağı olub.


Oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib. Gürcü çalışdırıcı 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:


“İnanıram ki, bizi səviyyəli çempionat gözləyir. Oyuna gəlincə, xeyli qol imkanlarımız oldu, yararlana bilmədik. Üç yox, 4 deyil və hətta 6-7 epizodlarımız oldu, hansı ki, fərqlənə bilmədik. Nəticədə rəqib gəlib qol vurdu.


Ümumi götürsək, yaxşı oyun oldu. Uşaqlar yaxşı mübarizə apardılar. Sadəcə, əlimizə düşən imkanlardan yararlana bilmədik. Əvəzetmələrdən meydana daxil olan oyunçular da oyuna yaxşı qoşuldular.


Razıyam, oyunun qırılma nöqtəsi dəyişdiyimiz oyunçulardan sonra oldu. Amma meydana sonradan daxil olan oyunçular da bizim komandanın üzvləridir. Komanda 11 oyunçudan asılı ola bilməz. Onlar da heyətə uyğunlaşmalıdır. Söz yox ki, gözlədiyimiz nəticəni ala bilmədik. Amma yenə də deyirəm, uşaqlar yaxşı çıxış etdilər.


Əlbəttə, bütün oyunçularımız Premyer Liqa səviyyəsində futbolçulardır. Burda oynayırıqsa, deməli, onlar bura layiqdirlər.


Bu il hədəfimiz mümkün qədər yuxarı pillələrdə yer tutmaq və orada möhkəmlənməkdir. Birinci liqadan gələn komanda üçün çətindir. “Qarabağ”, “Zirə”, “Sabah” kimi komandalarla mübarizə aparacağıq. Onu deyə bilərəm ki, biz heç kimdən çəkinməyəcəyik, öz oyun üslubumuz var və onu tətbiq edəcəyik”.