Misirin paytaxtı İsgəndəriyyədə dünya çempionu olan çimərlik güləşçilərimiz vətənə qayıdıb.


Rekord.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.


Millinin baş məşqçisi və yığma üzvləri jurnalistlərə açıqlamalar da veriblər.


Oyan Nəzəriani, baş məşqçi:


“Çimərlik güləşi üzrə ilin son yarışı idi. Dünya Seriyasının final mərhələsində 2 çəkidə iştirak edirdik. 80 və 90 kq-da dünya çempionu olduq. Bu 5 seriyada toplanan xalların nəticəsində 80 kq-da 19 yaşlı Vüsal Əliyev dünya çempionu oldu. O, böyüklərdə ilk dəfə dünya çempionatına qatılırdı. Təcrübəli güləşçimiz İbrahim Yusubov isə artıq 4-cü dəfədir ki, dünya çempionu olur. Bizi yenə sevindirdi. 80 kq-da Sahib Dadaşov da iştirak edirdi. O da seriyanın son mərhələsində bürünc medal qazandı… Artıq gələn il üçün planlarımızı qurmuşuq. Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etməyə namizəd idmançılarımızı seçmişik. 2026 bizim üçün çox məsuliyyətli ildir… Çimərlik güləşi hər yaş qrupunda 4 çəki oğlanlar və 4 çəki qızlardan ibarətdir. Gələn il komanda hesabında dünya çempionu olmaq üçün kişilərdə 4 çəkinin hamısında iştirak etməyi planlaşdırırıq… Yüksək nəticələrimizin əsas səbəbi Azərbaycan Güləş Federasiyasının çimərlik güləşinə peşəkarcasına və strateji yanaşmasıdır. Çünki çimərlik güləşi dünyada yeni formalaşır. Amma çox güclü gəlir. Bir çox ölkələr artıq öz yerini tutub. Ön sıralarda olan ölkələrdən biri də bizik. Federasiyanın uzaqgörən siyasəti sayəsində gördüyünüz bu nəticələri əldə etmişik. Çimərlik güləşində iddiamızı daha da artırmağa çalışacağıq”.


İbrahim Yusubov, dünya çempionu:


“4-cü dəfədir dünya çempionu oluram. Yarış çox yüksək səviyyədə keçirildi. Çox yaxşı hazırlaşmışdıq. Məşqlərdə əlimizdən gələni etdik ki, bayrağımızı ən yüksəklərdə dalğalandıraq, himnizimi səsləndirək. Çox şükürlər olsun ki, buna nail olduq. Üzərimizdə əziyyəti olan federasiya rəhbərliyinə, baş məşqçimizə və şəxsi məşqçilərimə minnətdaram. Oyan müəllimlə qərar verdik ki, bu, son yarışım olsun. Həm yaşı nəzərə aldım, həm də idmandan qələbəylə ayrılmaq daha rahat olur. Sevincli halda ayrılmaq nəsib oldu. Şükürlər olsun. Rəhbərlik məsləhət bilsə, milli komandada məşqçi kimi fəaliyyət göstərə bilərəm”.


Vüsal Əliyev, dünya çempionu:


“Aylardır bu yarışa hazırlaşırıq. Şükürlər olsun ki, bu il Dünya Seriyasının 4 mərhələsində iştirak etdim. Heç birində də medalsız qalmadım. Final mərhələsi həlledici oldu. Xalım hər kəsdən yüksək olduğuna görə dünya çempionu oldum. Baş məşqçimizə və şəxsi məşqçim Qurban Novruzova təşəkkürümü bildirirəm. Gələn il də bu çəkidə qalmağı fikirləşirəm”.


Sahib Dadaşov, Dünya Seriyasının bürünc medalçısı:


“İlk dəfə bu yarışda iştirak etdim. Çox məsuliyyətli və həyəcanlı idi. Buna baxmayaraq, yarış çox rahat keçdi. İnşallah, gələn il daha yüksək nəticələr göstərəcəyimə inanıram”.