Futbol yoxdu, amma döyüş var
- 23 Yan 2024 14:03
- 1039
Azərbaycan çempionatı qaldığı yerdən davam edir. Elə sözün bütün mənalarında. Təsadüfi deyil ki, qış fasiləsindən sonra başlayan oyunlarda “ilk qolu” hakimlər vurdu. Qoldan, gözəl oyun epizodlarından, məşqçi işindən əvvəl hakim səhvləri gündəmi məşğul etdi. Yenə də hakimlərin tətbiq etdiyi “ikili standartlar”, yaxud da bacarıqsızlıqdan yol verilən səhvlər müzakirə mövzusuna çevrilib.
Belə olacağı bəlli idi. Faktiki bu gün Azərbaycanın futbol hakimliyində xaos hökm sürür. Türkiyəli Barış Şimşəkin hansı keyfiyyətlərinə, bacarığına görə yüksək posta əyləşdirildiyi hamımız üçün sirrdir. Adama öz ölkəsində hörmət qoyulmur, amma biz onu başımızın üstünə qaldırmışıq. Bir ətək xərc çəkildi, AFFA illər sonra hakimləri təlim-məşq toplanışı üçün Antalyaya apardı. Di gəl ki, bizimkilər orda oyun idarə etmədi, toplanışı otelin həyətində ora-bura qaçmaqla, daha sonra da konfrans zalında videoçarxlara baxmaqla yola verdilər. Guya ki, həmin işi Qəbələdə görmək olmazdı. Bu faktın özü AFFA-nın necə “müdrik” siyasət yeritməsinin göstəricisidir.
Hakimlikdəki problemlər məlum. Şair demişkən, özümüzə təsəlli verməliyik. Onsuz da düzəlməyəcək. Daha doğrusu, bir müddət əvvəl düzəlməyə çox yaxın idi. Ta o vaxta kimi ki, Azərbaycan futbolunda ədalətin, inkişafın olmasını istəməyən Elxan Məmmədov hakimlərə nəzarəti də ələ aldı, PFL-in o vaxtkı prezidenti Ramin Musayev prosesdən uzaqlaşdırıldı. Elxan Məmmədovun əkdiyi ağacın meyvələrini indi klublar və futbolçular yeyir. Hər tur bir klub hakim səhvlərindən videoklip düzəldir, ictimaiyyətə təqdim edir. Nə olsun? Ayrı-ayrı hakimləri yox, Barış Şimşəki və onu Azərbaycana gətirənləri cəzalandırmayana qədər belə də olacaq.
Bu tur izlədiyim oyunlarda hakimlərin davranışından daha çox futbolçuların bir-birinə qarşı sərgilədiyi aqressiya məni narahat etdi. Bəli, biz də bilirik ki, futbol təmas, mübarizə oyunudu. 90 dəqiqənin gedişində emosiyalar coşur, bəzən futbolçular qaydaları unudub, kobudluq edirlər. Amma bu qədər də olmaz, bəylər. “Lerik”in futbolçusu Rahid Ağazadə “Sumqayıt”la görüşdə rəqib oyunçu Kristian Velinovskinin ayağını aşkar kobudluqla sındırdı. Düşündük ki, Rahid həyəcanlı olub, ilk dəfə bu cür yüksək səviyyəli oyunda iştirak etdiyi üçün qeyri-peşəkar davranıb. Bəs “Turan Tovuz”la “Kəpəz”in futbolçularına nə olub? Onlar da yarımhəvəskardır? Düşünürəm ki, şişirtdiyimiz “Qərb derbisi”ndə hakimlərin qərarları ilə yanaşı futbolçuların qəddarcasına bir-birinin ayağına “girməsi” də müzakirə edilməlidir. 9-cu dəqiqədə Faiq Hacıyev Amil Yunanovun, 50-ci dəqiqədə isə Vüsal Məsimov İsmayıl Zülfüqarlının ayağını sındırmadısa, buna şükr etməliyik. Özü heç biri aşkar qol epizodu deyildi ki, onların hisslərinə yenik düşdüyünü deyək. Hər iki epizodda qapıya qədər yetərincə məsafə vardı, eləcə də digər müdafiəçilər hücumu əngəlləyə bilərdi.
Lap elə rəqib təkbətək çıxsa belə, ona qarşı belə oynamaq olmaz. O da sizin kimi insandır, futbol oynamaq üçün meydana çıxıb. Bunu düşünmürsüzmü? Ayaq saxlayın, dostlar. Belə futbol oynamaq olmaz!