Beynəlxalq Voleybol Federasiyası (FIVB) 2027-ci ildə keçiriləcək qadınlar arasında dünya çempionatında iştirak edəcək 32 milli komandanın adını açıqlayıb. "Rekord.az" xəbər verir ki, yarış 20 avqust-5 sentyabr tarixlərində ABŞ və Kanadada baş tutacaq.
ABŞ və Kanada ev sahibi ölkə kimi, İtaliya isə son dünya çempionatının qalibi kimi mundiala birbaşa vəsiqə əldə edib. Daha 15 komanda qitə çempionatlarının nəticələrinə əsasən, 14 komanda isə FIVB dünya reytinqindəki mövqeyinə görə mundialda iştirak hüququ qazanıb.
Növbəti çempionatın iştirakçıları sırasında Rusiya da yer alıb. Bu, Rusiyanın milli komandalarına tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan sonra mümkün olub. Yüksək reytinq xallarına sahib komanda yarışda iştirak hüququ qazanıb.
2027-ci il dünya çempionatının ABŞ, Kanada, İtaliya, Türkiyə, Serbiya, Polşa, Çin, Yaponiya, Tailand, Misir, Keniya, Kamerun, Braziliya, Argentina, Kolumbiya, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Niderland, Rusiya, Almaniya, Çexiya, Belçika, Fransa, Sloveniya, İsveç, Meksika, Ukrayna, Yunanıstan, Cənubi Koreya, Bolqarıstan və İsveçrə yığmaları mübarizə aparacaqlar. İsveçrə tarixində ilk dəfə qadınlar arasında dünya çempionatının final mərhələsində iştirak edəcək. Rusiya isə 2018-ci ildən sonra ilk dəfə mundialda çıxış edəcək.
Yarış Anaheim, Omaha, Orlando, Monreal və Kvebekdə şəhərlərində keçiriləcək. Qrup mərhələsi və 1/8 final oyunları Omaha, Orlando, Monreal və Kvebekdə, 1/4 final, yarımfinal və final qarşılaşmaları isə Anaheim şəhərində təşkil olunacaq.
32 komanda 8 qrupa bölünəcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə yüksələcək. Turnir eyni zamanda 2028-ci il Los-Anceles Olimpiadasına vəsiqə uğrunda mübarizədə mühüm mərhələ olacaq: Olimpiadaya hələ vəsiqə qazanmayan ən yaxşı üç komanda dünya kubokunun nəticələrinə əsasən LA 28-ə birbaşa vəsiqə əldə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi 2027-ci il dünya çempionatının iştirakçıları arasında yer almayıb.