Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.


Rekord.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil olan yarış mayın 9–13-də təşkil olunacaq və beynəlxalq federasiyanın rəsmi təqvim planına daxil edilib.


Yarışın idman əhəmiyyətini artıran əsas amillərdən biri də onun 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinə təsadüf etməsidir. Olimpiya təsnifat prosesində reytinq xallarının əhəmiyyətli rol oynaması səbəbindən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında yüksək səviyyəli komandaların və idmançıların iştirakı, eləcə də mərhələlərdə daha gərgin və prinsipial mübarizənin müşahidə olunması gözlənilir.


Komandalar həm mərhələ və ümumi təsnifat üzrə yüksək nəticə əldə etmək, həm də Yay Olimpiya Oyunlarına gedən yolda reytinqlərini gücləndirmək üçün mübarizə aparacaqlar.


Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ölkənin idman, turizm və mədəni potensialını nümayiş etdirmək üçün mühüm beynəlxalq platforma olmaqla yanaşı, son illərdə ölkəmizdə, xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.