3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Sea Breeze"də keçiriləcək mərhələsində 16 komanda iştirak edəcək.

Rekord.az xəbər verir ki, Azərbaycan millisi ilə yanaşı, "Neftçi SOCAR", Niderland, Almaniya, Avstriya, "Madrid" (İspaniya), Latviya, "Yanjinq" (Çin), Çexiya, "Varşava" (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, "Arrasate Ointxe" (İspaniya) kollektivləri yarışda mübarizə aparacaq.

Turnirdə günün matçları avqustun 15-də keçiriləcək və oyunlar təsnifat mərhələsi ilə start götürəcək.

Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq Azərbaycan millisi təsnifat oyunlarında iştirak edəcək.

Yığma saat 10:00-da turnirin açılış matçında Ukrayna ilə üz-üzə gələcək, ardından 10:50-də Misir yığmasına qarşı qüvvəsini sınayacaq.

Günün ikinci yarısında isə əsas qrup oyunlarının həyəcanı başlayacaq. B qrupunda yer alan "Neftçi SOCAR" saat 15:50-də İspaniyanın "Arrasate Ointxe" klubuna qarşı matça çıxacaq. Təmsilçimiz qrupdakı digər görüşünü saat 17:40-da Çinin "Yanjinq" komandasına qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri baş tutacaq.