
“Dünya çempionu ola bilərdik” - Nurəddin Rəcəbov
- 18:00
- 37
Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 1 dəst medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Nurəddin Rəcəbov, böyük məşqçi:
“Çox güclü yarış keçdi. Bir neçə böyüklər arasında dünya və Avropa mükafatçısı bu yarışda məğlub oldu. Bu da yarışın səviyyəsindən xəbər verir. Son 3 ilin ən yaxşı nəticəsinə imza atdıq. 50-ə yaxın komanda içində III yerə çıxmaq fəxr ediləsi durumdur. Fürsətdən istifadə edib, göstərdiyi dəstəyə görə Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edir, bütün güləş ailəsini təbrik edirəm. Vaxtı-vaxtında təlim-məşq toplantılarımız olmasaydı, təbii ki, nəticələrimiz də zəif olardı. İdmançılar o zaman artır ki, təlim-məşq toplantıları olur, rejimdə olurlar. Tural Əhmədovla Davud Məmmədovun zədələri var idi. Bu da çıxışlarına ciddi təsir göstərdi. Seymur Qasımovdan da medal gözləyirdik. Alınmadı. Bəzi mübahisəli hakim qərarlarını da qeyd edə bilərəm. Bütün bu problemlər olmasaydı, komanda hesabında dünya çempionu ola bilərdik. Buna da şükür. Bu uğurda zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Rafiq Hüseynov, AGF nümayəndəsi:
“Gərgin mübarizə şəraitində gedən yarış idi. Daha yüksək nəticə ola bilərdi. Hakimlərin bəzi qərarları bir neçə idmançımızı qızıl medaldan məhrum etdi. Medalsız qalanlar səhvləri üzərində işləyəcəklər. Bu, hələ son deyil. Təbii ki, qarşıda onlar üçün çox sayda yarışlar var. Bu yarışlarda özlərini doğruldacaqlar. 60 kq bizdə ən çox rəqabət olan çəkilərdən biridir. Bu çəkidə Nihat Məmmədli, Murad Məmmədov kimi güclü güləşçilər var. Təbii ki, Ayxan üçün onlarla rəqabət aparmaq asan olmayacaq. Amma bu yarışda özünü göstərdi və sübut etdi ki, o da gələcəkdə böyüklər arasında sözünü deyə bilər. Bəzən fikirləşirəm ki, gənclər arasında dünya çempionu olmaq, böyüklər arasında çempion olmaqdan daha çətindir. Ayxanın U20 yaş qrupunda ilk ilidir. Tərifəlayiq güləş göstərdi. Sona qədər mübarizə apararaq, hesabda geri olduğu görüşlərdə qalib gəlməyə bacardı. Bu da idmançının xarakterini göstərir”.
Ayxan Cavadov, dünya çempionu:
“Milli komandanın məşqçilərinə, federasiya rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə dəstəyə görə təşəkkür edirəm. Yarışlar bu il ürəyim istədiyi kimi keçdi. Avropa və dünya çempionu oldum. Dünya çempionatında görüşlər gərgin keçdi. Yarımfinalda 4-cü dəfə qarşılaşdığım gürcü güləşçiyə tam üstünlüklə qalib gəldim. Finalda ilk hissədən sonra 3:5 hesabı ilə geridə idim. Lakin məşqçilərimizin verdiyi tapşırıqlar, həvəs sayəsində ikinci hissədə geridönüş edə bildim. Hələ ki, bu çəkidə güləşməyi fikirləşirəm”.
Turan Daşdəmirov, dünya ikincisi:
“Bu il həm Avropa, həm də dünya çempionatında gümüş medal qazandım. İnşallah, gələn il daha yaxşı olacaq. Qızıl medal qazanmağıma əngəl olan səhvlərim oldu. İnşallah, öz üzərimdə işləyib bu səhvləri aradan qaldıracağam”.
Fəraim Mustafayev, dünya üçüncüsü:
“Yarış güclü keçdi. Rəqiblərimin hamısı da dünya və Avropa arenalarında yer tutmuş idmançılar idi. Yarımfinal görüşü başqa cür nəticələnə bilərdi. Qismət olmadı. U23 dünya çempionatında şans verilsə, qızıl medal qazanmağa çalışacağam”.