Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani federasiyanın rəsmi saytına müsahibə verib.


Rekord.az xəbər verir ki, o, müsahibəsində əvvəlcə iyulda keçirilən Azərbaycan çempionatını və bu yarışın nəticələrini necə dəyərləndirib:


“2 illik fasilədən sonra yenidən Azərbaycan çempionatı keçirildi. Bu çempionat 2 yaş qrupunda  – U17 və böyüklər arasında baş tutdu. Əvvəlki çempionatlarından fərqli olaraq, ilk dəfə qadınlar arasında da çimərlik güləşi üzrə qaliblər müəyyənləşdi. Yarışa xeyli iştirakçı qatılmışdı. Gözləntilərimiz doğruldu. Bu çempionatı keçirməkdə əsas hədəfimiz növbəti il baş tutacaq yeniyetmələrin Yay Olimpiya Oyunlarının hazırlığına daha erkən start vermək və milli komandanın geniş tərkibli güləşçi bazasını müəyyənləşdirib, onları məşq proseslərinə cəlb etmək, yarışlara hazırlaşmaq idi”.


Çempionat bitdikdən dərhal sonra təlim-məşq toplanışına başlamış millinin baş məşqçisi hazırlıq prosesindən də söhbət açıb:


“Çempionat bitdikdən dərhal sonra güləşçiləri yığma komandanın tərkibinə cəlb elədik. Gündəlik bir məşqlə başladıq. Yeni gəlmiş idmançılarımızı çimərlik güləşinin qaydaları, məşq növü və məşq disiplinləri ilə tanış eləməklə başladım. Daha sonra bu ilin birinci təlim-məşq toplanışına start verdik. İlk növbədə ümumi-fiziki və funksional hazırlığa üstünlük verdik. Toplanış avqustun 30-da yekunlaşsa da, yarışlara qədər məşqlərimiz davam edəcək. Əvvəlcə böyüklərdən ibarət heyətlə Dünya Seriyasının mərhələ yarışında iştirak etmək üçün Mərakeşin Kasablanka şəhərinə yollanacağıq. Oradan qayıtdıqdan dərhal sonra U17 dünya çempionatı üçün son təlim-məşq toplanışına start verəcəyik. Burda da çeviklik və taktika üstündə işləyəcəyik. Hələ vaxtımız var. Çalışacağıq ki, daha çox təkmilləşib, maksimum dərəcədə yarışda yaxşı çıxış edək”.


Nəzəriani güclü rəqabət fonunda qarşıdakı beynəlxalq yarışlardan gözləntilərini də açıqlayıb:


“Yarış ərəfəsində çox iddialı danışmağın tərəfdarı deyiləm. Hər yarışın özəl xüsusiyyətləri var. İstənilən halda, bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik. Ona uyğun məşq edirik. Qazanacağımız nəticələri, medalların əyarını yarış günündəki şərait – güləşçilərin, rəqiblərin performansı müəyyənləşdirəcək. U17 dünya çempionatında yüksək nəticələr qazanacağımıza ümid edirik. Dünya Seriyasında az güləşçi ilə iştirak etsək də, bu yarışda da medal qazanmağa namizədik”.