"Qəbələ"nin prezidenti Fariz Nəcəfov "Kəpəz"lə oyun öncəsi baş məşqçi Kaxaber Sxadadzenin məğlubiyyət təqdirində mümkün istefası ilə yayılan xəbərlərə münasibət bildirib. 


Rekord.az-a açıqlamasında klub prezidenti yayılan xəbərləri qətiyyətlə təkzib edib: "VAllah elə bir söhbət olmayıb, heç fikieimizdən da keçməyib. Bu oyunu, hətta bundan sonrakı oyunu uduzsaydıq belə, Sxadadze postunda qalacaqdı. Məşqçinin sistemi xoşuma gəlir. Bundan əvvəlki oyunları uduzmağımıza baxmayaraq, komanda yaxşı oynamışdı. Özünüz də bilirsiniz ki, büdcəsi bizdən 3-4-5 dəfə böyük klublara uduzmuşuq, özü də necə uduzmuşuq. Özümüz də bunu bilirdik, futbolçularla da bu barədə söhbət etmişdik, bilirdik ki, yaxşılığa doğru gedirik. Bundan sonrakı oyunlara da bu cür yanaşmaq lazımdır". 


Nəcəfov klubun bu mövsümkü hədəfləri haqda da danışıb. O, Sxadadzenin I Liqanın qalbi olandan sonra "Premyer Liqada yüksək yerlərə oynayacayıq" desə də, bir müddət sonra növbəti açıqlamasında "əsas hədəfimiz elitada yerimizi qorumaqdı" kimi təzadlı fikirlərinin səbəbini bu cür izah etdi: "Əslində komanda I Liqadan Premyer Liqaya vəsiqə qazananda baş məşqçi ilə aramızda söhbət olmuşdu ki, daha yüksək yerlər uğurunda mübarizə aparaq. Amma bunun üçün də yetəri qədər büdcə lazımdı. Ona görə söhbətimiz belə oldu ki, hazırkı büdcəmizə uyğun olaraq bacardığımız qədər yüksək yerləri tutmağa çalışaq, növbəti ildə isə daha yüksək yerlər uğurunda oynayaq".