“Dəfələrlə demişəm ki, belə qalibiyyətlər bizə futbolu sevdirmək üçün böyük təkan verir. Futbolçularıma təşəkkür edirəm ki, mübariz oyun göstərdilər”.


Rekord.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyada “Benfika”nı məğlub edən (3:2) “Qarabağ” bir qədər əvvəl Bakıya qayıdıb. Q.Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə “Benfika” ilə görüş haqda danışıb:


“İlk dəqiqələrdə bir az futbolçularda stress oldu, amma getdikcə oyunu ələ ala bildik. Bu, Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinin ilk qələbədir. Futbolçulara əlavə inam gəldi və klub olaraq daha da böyüdük. Gələcək işlərimiz çoxdur”.


Q.Qurbanov fasilədə futbolçuları ilə söhbəti ilə bağlı isə deyib: “Futbol elə bir oyundur ki, eyni motivasiya ilə davam etməlisən. Futbolçulara bunu dedim. Hansı ki, istəyimizdən geri dönməmək. Bəzən rəqib meydanda bunu etməyə bizə mane olur. Amma dünən futbolçularımda inam çox artdı. Komandadan tələb etmişdim ki, sadə epizodlarda top itkiləri olmasın. Əfsuslar olsun ki, yenə də oldu. Futbolun dili birdir. Həmişə dediyimi təkrarlayırdım”.


Q.Qurbanov bu qələbədən sonra rəqiblərin onlara qarşı daha ciddi hazırlaşacağını da əlavə edib: “Onsuz da bizə qarşı rəqiblər çox ciddi hazırlaşırlar. Bunu meydanda hiss edirik. Bundan sonra böyük klublar bizi daha da ciddiyə alacaqlar. Bizə çox böyük problemlər yaratmağa çalışacaqlar”. 


“Bu qələbə sizdə növbəti mərhələ haqda fikir formlaşdırdımı” sualını isə Q.Qurbanov belə cavablandırıb: “Bu barədə düşünmək hələ tezdir. Ötən il Avropa Liqasında cəmi 1 qələbəmiz olsa da, digər oyunlara baxanda demək olar ki, xallarımız çox olmalı idi. Futboldur, bəzən gözləmədiyin nəticələr də olur, amma komandama həmişə deyirəm ki, istənilən oyunda geridönüş etmək olar. Bunun üçün sadəcə meydanda diqqətli olmaq lazımdır. İnanıram ki, bu qalibiyyət qarşıdakı oyunlarda da bizə əlavə inam verəcək”. 


“Qarabağ”ın çalışdırıcısı oyunda zədələnərək əvəzlənən Marko Yankoviçin durumundan da danışıb: “Məncə, ciddi bir şey yoxdur. Ayağına zərbə olmuşdu. Yorğun olduğunda görə bir az ağrısı çox oldu”.


Q.Qurbanov oyunda qol vuran yeni transfer Kamilo Duranın çıxışını da dəyərləndirib: “Duran bizim kluba gəlməmişdən əvvəl ən az oynadığı mövqe hücum idi. Daha çox sağ vinger kimi çıxış edib. Amma o bacarıq onda var. Biz onu daim hücumda oynatmayacağıq. Amma lazım gələndə sırf hücumçu kimi çıxış edəcək. İşgüzarlığı məni tam qane etdi”.