“Bu gün qarşımızda çox ciddi komanda var idi” - Qurban Qurbanov
- 22:13
- 32
“Qarabağ” bu gün Misli Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Rəqibi təbrik edirəm. Oyuna gəldikdə, maraqlı oyun keçdi. Komandam həddindən artıq böyük güc sərf edir. Bir neçə turnirdə iştirak edirik. Bəzi futbolçular hazır deyildi. Xəstə olan oyunçularımız var idi. Hər bir halda, bunlar səbəb deyil.
Azarkeşlərə təşəkkür edirəm, yaxşı atmosfer var idi. “Qəbələ” ilə oyuna hazırlaşacağıq.
Marko Yankoviç dünən məşqdə zədə aldı. Risklidir onun meydana çıxması. Montiel də hələ tam hazır deyil. “Araz-Naxçıvan”la oyunda da xeyli güc sərf etmişdi. Ümumən, yaxşı çıxış etdilər. Amma hər bur halda, məğlub olduq və kimdəsə səhv axtarmaq istəmirəm.
Çempionun dəyişməsi ilə bağlı hər il belə fikir var. İstənilən an hər şey dəyişə bilər. Bu gün qarşımızda çox ciddi komanda var idi. Yaxşı təşkil olunmuş heyətlə üz-üzə gəldik. Bu “Sabah”ı götürsək, Avropada yaxşı nəticələr göstərə bilər. Avropa təcrübəsi olan məşqçiləri var, biz də onların uğuruna sevinərik. Addım-addım böyüyürlər”.
“Sabah” – “Qarabağ” matçı ikincilərin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə “Ferensvaroş”la (2:3, səfərdə 3:1) qarşılaşma səbəbindən təxirə salınmışdı.