
“Bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi” - Samir Abasov
- 14 Sen 2025 22:00
- 41
"Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 4-cü turu çərçivəsində doğma meydanda "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Futbolçularıma "sağ ol" deməyə borcluyam. Çox əziyyət çəkdilər, qaçdılar. Yaxşı şeylər etməyə çalışdılar. "Turan Tovuz"la oyunda xal itirdik, 10 nəfərlə qaldıqda da dominant idik. Özümüz üçün sual verirdik ki, bu oyun necə olacaq? Bu gün daha yaxşı oynayan komanda gördük. İtkilərimiz var idi. Buna baxmayaraq, futboldan, oynadığımız oyundan çox məmnun qaldım. Azarkeşlərimizi başa düşürəm. Nəticə yoxdursa, danışılan sözlər də bəlkə qəbul olunmur. Hamı gözləyirdi ki, birinci oyunda qələbə olacaq. Başa düşürəm. Bir komandanı oyunlara stressiz, təzyiqsiz hazırlamağı bacarırıq. Sadəcə danışa bilmədiyimiz məqam, bizim dilimizi kəsən məqam nəticədir. Bu işi davam etdirəcəyik, daha da yaxşı oynayacağıq. Bəzi epizodlarda meydanda bir komanda var idi, o da "Neftçi" idi. Vurulmayan epizodlar... Onu nə ilə bağlayım, bilmirəm. Yeni qurulan komanda olaraq bu cür rəqiblərə qarşı neçə epizod yarada bilərik? Ümid edirik ki, yaxşı oyunun sonunda yaxşı nəticə olacaq.
Komandaya gələnlərin hamısından məmnunuq. İndi vəziyyət elə gətirdi ki, Xaçayev oynadı. Bütün komandadan razıyam. Elvin və Murad gələndə onların ətrafında nə qədər söhbətlər gedirdi. Elvin də, Murad da çox yaxşı işlər gördülər. Kimin ehtiyatda olacağını deyə bilmərik. Təki formada olsunlar, biz baş sındıraq ki, kimi oynadaq.
Çox çətin vəziyyətdəyik. Həmişə çətin olub. İşimiz oynadığımız futbolu daha da yaxşılaşdırmaqdır. Futbolçular ancaq ona kökləniblər. Onlar da yazılanları oxuyurlar, təzyiqi görürlər. Meydançadan kənarda da işlərimiz var ki, onu aşılamağa çalışırıq. Oyunumuzdan çox razıyam. Qol epizodlarını vura bilməməyin izahı məndə yoxdur.
Verilməyən penaltiyə gəlincə, bu, mənim üçün anlaşılmaz qaldı. Referi epizodu görürdü və dərhal penalti verdi. Niyə VAR müdaxilə etdi? Top qapıya gedirdi, futbolçu onu əli ilə blok edirdi. Rəqib futbolçudan sonra heç kim yox idi. Varqasın epizodu da var idi. Ən azından ikisindən biri penalti idi. Əminliklə deyirəm ki, bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi”.