18–24 mayda Türkiyənin Antalya şəhəri kamandan oxatma üzrə açıq havada növbəti Avropa Çempionatına ev sahibliyi edəcək.


Rekord.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə dəstəyi ilə qitənin bu ən mötəbər yarışında ölkəmizi Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova, Sərdar Vəliyev və Nurlan Rəhimli təmsil edəcəklər.


Çempionatın proqramına uyğun olaraq, idmançılarımız fərdi, komanda və qarışıq yarış növlərində hədəf qarşısına keçərək ən yüksək nəticələr uğrunda mübarizə aparacaqlar. Milli komandamızın bu çempionata sistemli və yüksək səviyyədə hazırlığı üçün genişmiqyaslı təlim-məşq toplanışları təşkil olunub. Hazırlıq çərçivəsində Belarus milli komandasının üzvləri ilə Quba Olimpiya İdman Kompleksində birgə məşqlər keçirən oxatanlarımız, mayın 3-dən etibarən hazırlıq prosesini Antalyada, bilavasitə çempionatın keçiriləcəyi məkanda beynəlxalq təlim-məşq toplanışı ilə davam etdiriblər. Hazırlıq mərhələsini tam heyətlə və yüksək peşəkarlıqla başa vuran milli komandamız qitə birinciliyində qalibiyyətə iddialıdır.