Azərbaycan idmançılarından Gürcüstanda 2 medal
- 20:00
- 34
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "Mikheil Khergiani Cup 2026" beynəlxalq idman dırmanması turniri Azərbaycan idmançıları üçün uğurla başa çatıb.
Rekord.az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növü üzrə bir gümüş və bir bürünc medal qazanıblar.
Turnirdə Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan idmançıları mübarizə aparıblar. Azərbaycan yığması yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında dörd idmançı - iki kişi və iki qadın idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla adlayaraq final mərhələsinə yüksəliblər.
Qadınlar arasında Əhmədova Leyla gümüş medala layiq görülüb. Kişilər arasında isə Nazim Yusifzadə üçüncü yeri tutaraq bürünc medal qazanıb.
“Mikheil Khergiani Cup" Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və reqlamentə əsasən, final mərhələsində qadınlar və kişilər arasında təsnifat mərhələsinin nəticələrinə görə ən güclü səkkiz idmançı mübarizə aparır.