Avropa Su İdmanı Federasiyasından Bakıda inklüzivliyə həsr edilmiş konfrans
- 15:30
- 33
Bakıda Avropa Su İdmanı Federasiyasının ("European Aquatics") Konqresi çərçivəsində "Waves of Change – DEI & I" (Dəyişiklik Dalğaları: müxtəliflik, bərabərlik, inklüzivlik və dürüstlük) mövzusunda konfrans keçirilib.
Rekord.az xəbər verir ki, tədbir sözügedən prinsiplərin su idmanı və ümumilikdə idmanda inkişaf etdirilməsi məsələlərinə həsr olunub.
Konfransda milli federasiyaların nümayəndələri, beynəlxalq ekspertlər və idman ictimaiyyətinin üzvləri bir araya gəliblər. Əsas məqsəd milli federasiyalarda "DEI & I" yanaşmasının tətbiqinin gücləndirilməsi, təhlükəsiz və inklüziv idman mühitinin yaradılması, eləcə də bu istiqamətdə uğurlu təcrübələrin və praktik yanaşmaların paylaşılması olub.
Təşkil olunan sessiyalarda təhlükəsiz və inklüziv idman mühitinin formalaşdırılması, idmançıların hüquqları, kimliyi və rifahı, həmçinin idmanda dürüstlük prinsiplərinin qorunması məsələləri müzakirə edilib.
Açılış mərasimində "European Aquatics"ın (EA) prezidenti Antonio Silva, baş katibi Noam Tsvi, Büro üzvü Qrem Marçbank, ASF-nin vitse-prezidenti Jalə Əhmədova və baş katibi Oqtay Atayev çıxış ediblər.
Konfransın təşkilinə görə ASF-yə təşəkkürünü bildirən A.Silva iştirakçıları fəal müzakirələr aparmağa, təcrübə mübadiləsi etməyə və əldə olunan nəticələri təmsil etdikləri federasiyaların fəaliyyətində tətbiq etməyə çağırıb. N.Tsvi son illərdə müxtəliflik və inklüzivlik sahəsində əldə olunan irəliləyişlərdən danışıb. Q.Marçbank isə idmançılar, məşqçilər, hakimlər və idman idarəçiliyi sahəsində bərabər imkanların təmin edilməsinin vacibliyini vurğulayıb.
Çıxışı zamanı J.Əhmədova qeyd edib ki, idman meydanında insanın milliyyəti, cinsi, fiziki imkanları və sosial mənsubiyyəti deyil, onun əzmi, bacarığı və zəhməti ön planda olmalıdır. O, şəffaf idarəetmənin, ayrı-seçkiliyə qarşı mübarizənin, idmançıların hüquqlarının, ləyaqətinin və təhlükəsizliyinin qorunmasının ortaq dəyər olduğunu diqqətə çatdırıb.
O.Atayev isə Bakının 2026-cı ildə bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıb. O, idmanın yalnız medallar uğrunda mübarizədən ibarət olmadığını, eyni zamanda inklüzivlik, bərabərlik və insanları bir araya gətirən universal dəyərləri özündə birləşdirdiyini bildirib.
Konfransın davamında Çexiya, İsveç, İspaniya və Böyük Britaniyanın üzgüçülük federasiyalarının nümayəndələri öz təcrübə və yanaşmalarını bölüşüblər. Həmçinin tədbirdə paralimpiyaçı Könül Süleymanova çıxış edərək idmanın fiziki məhdudiyyətli insanların öz potensiallarını üzə çıxarmalarına, fiziki və mənəvi cəhətdən güclənmələrinə, özünəinam qazanmalarına və cəmiyyətə daha fəal inteqrasiya olunmalarına şərait yaratdığını qeyd edib.
Qeyd edək ki, "European Aquatics Congress" oktyabrın 10-dək davam edəcək. Oktyabrın 8-də EA Bürosunun toplantısı, həmçinin milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub. Əsas tədbirin isə oktyabrın 10-da keçirilməsi nəzərdə tutulur.