"Avrokuboklara çatmağımız üçün ən azı əlavə 1 milyon büdcəmiz olmalı idi"
- 19:30
- 41
“Şamaxı”nın İdarə heyətinin sədri Elçin Usub Rekord.az-a müsahibə verib:
- Elçin bəy, mövsüm sona yaxınlaşır.
“Şamaxı” mövsüm öncəsi qarşısına qoyduğu hədəfə çata bildi?
- Bəli, çatdı. Sirr deyil ki, bizim hədəfimiz
Premyer Liqada qalmaq idi. Nəzəri cəhətdən xal fərqinə və bugünkü nəticəyə baxsaq,
artıq bunu demək olar. Son turlarda qazanılan qələbələrlə, praktiki olaraq, bu
məsələni həll elədik. Qarşıda olan 3-4 oyunda da futboldan həzz alıb öz
oyunumuzu oynayacayıq. Və bu həzzi həm”Şamaxı” azarkeşlərinə, həm də futbol
camiəsinə göstərmək istəyirik.
- Amma nəzər salsaq, mövsümün gedişində
avrokuboklara vəsiqə şansınız da yaranmışdı, o zonaya xeyli yaxınlaşmışdınız. Həmin
dönəmlərdə fikirlərinizdə, hədəfinizdə hansısa dəyişiklik oldumu ki, bəlkə
avrokuboklara vəsiqə üçün oynayaq.
- Bilirsiniz, reallıqlar var da.
Mövsümün ortasında avrokuboklara çatmaq mümkün deyil. Bizim avrokuboklara
çatmağımız üçün ən azı əlavə 1 milyon büdcəmiz olmalı idi. O büdcə olsaydı,
fikirləşmək olardı. Yekəxanalıq kimi çıxmasın, onsuz da neçə illərdi, əzmkarlıq
hesabına, daxili nizam-intizam hesabına, hətta mən deyərdim, özünəməxsus korporativ
mədəniyyət hesabına qeyri-mütənasib nəticə göstərməyi bacarırıq.
- Amma bəzən futbolda planlaşdırılmamış
vəziyyət yaranır...
- Bəli, belə şeylər olur. Amma sözün əsl
mənasında avrokuboklara oynamaq üçün dediyim kimi, mövsümün əvvəlində ən azı 1
milyon əlavə büdcəmiz olmalı idi. Əgər bu, olsaydı, avrokuboklara rahat oynaya
bilərdik.
- Sirr deyil ki, Ayxan Abbasov mövsümün
sonunda “Şamaxı”dan gedir. Bunu özü də şəxsən açıqlayıb...
- (sözümü kəsir). Mən bunu şərh etməyəcəm.
- Az öncə, əlavə 1 milyondan söz
açdınız. O zaman belə çıxır ki, növbəti mövsüm əlavə vəsait olmasa, yenə
Premyer Liqada qalmaq uğurunda mübarizə aparacaqsınız? Bu arada, Ayxan Abbasov
da bildirmişdi ki, bu məsələdə nələrsə dəyişməlidir.
- Ayxan müəllim düz deyir. Biz də istəyirik
klub olaraq böyüyək, qarşımıza yeni məqsədlər qoyaq. Amma reallıqlar da var. Təəssüf
ki, bu, tək “Şamaxı”ya aid deyil. Ümumilikdə sahibkarların, iş adamlarının,
böyük şirkətlərin futbola qatqı baxımından marağı yoxdur. Olan maraq da get-gedə
azalır. Təəssüf də olsa, mən bunu deməliyəm.
Bu mənada yenidən “Şamaxı”ya qayıdaraq deyərdim ki, öz peşəkarlığımızı
qorumalıyıq. Hansısa iş adamı, futbolda maraqlı olan kimsə gəlib futbolda böyük
işlər görmək istəyirsə, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bir nömrəli
ünvan Şamaxıdı. Burada yerli icra hakimiyyəti, hökumət dairələrinin tam futbola
dəstəyi var.
- AFFA-nın icraçı vitse-prezidenti Sərxan
Hacıyev bu yaxınlarda jurnalistlərə açıqlamasında əvəzedici liqanın ləğvinin
gündəmdə olduğunu açıqlayıb. Buna sizin münasibətiniz?
- Biz klublar onun tərəfdarıyıq ki, hər zaman işimizi proqnozlaşdıra bilək. “Şamaxı” kimi, “İmişli” kimi, lap “Kəpəz” kimi, yəni büdcəsi az olan klublar üçün çox vacibdir bilək ki, əvəzedicilər liqası qalacaq, ya yox. Məsələn, futbolun inkişafı proqramı deyilən bir şey var, 30 milyon söhbəti. Bu, bir il olacaq, iki il olacaq, üç il olacaq, bunu bizə deyən yoxdur. Bunu desələr ki, məsələn iki il pul olacaq, sonra olmayacaq, biz də işimizi buna görə qurardıq. Mən öz adımdan deyim ki, futbol funksioneri deyiləm, menecerəm, vəkiləm. Bilsəm ki, iki il bu pul olacaq, iki ildən sonra olmayacaq, mən proqnozlaşdırmamı buna görə aparardım. 4 ildir burdayıq, bu müddətdə də şükür Allaha heç bir nöqsanımız olmayıb. Əməyimiz, zəhmətimiz də ortadadı. Sposorumuz da yoxdur. Yenə də dövlətdən ayrılan vəsaitin ümidinə qalacayıqsa, çəkilək duraq kənarda. Əvəzedicilərlərlə bağlı məsələni biz 2025-ci il dekabrın 11-də Klublar Komitəsinin iclasında müzakirə elədik. Müzakirənin təşəbbüskarı "Şamaxı" və "Turan Tovuz" klubları idi ki, bu məsələ dəqiqləşsin, biz də işimizi bilək. Yəni bilək ki, növbəti mövsüm əvəzedicilər liqası olacaq, ya yox. Həmin iclasda iştirak edən klubların da əksəriyyəti əvəzedici liqanın qalmasının tərəfdarı olmadığını bildirdi. Fikir ayrılığı var, hərənin öz arqumenti var və bu məsələdə çox dərinə getmək istəmirəm. Bu ilin 11 martında yenidən bu məsələ müzakirə olundu, klublar yenidən öz mövqeyini ortaya qoydu. 8 klub əvəzedici liqanın saxlanılmasının əlehinə oldu, iki klub bitərəf oldu, iki klub isə saxlanılmasının tərəfdarı oldu. Ola bilsin, Sərxan müəllim də klubların mövqeyinə istinadən deyib ki, əvəzedicilərin liqası olmayacaq. Bizim istəyimiz budur ki, vaxtında deyilsin ki, olacaq, ya olmayacaq. iyun-iyul ayında deyilməsin ki, olacaq.