Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 7-9-da Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.


Rekord.az xəbər verir ki, yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq.


İdmançılar U-15 kateqoriyasında 40 metr, U-18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.


Proqrama əsasən, avqustun 7-də idmançıların sınaq atışları və məşqləri keçiriləcək, 8-də isə əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq. Final görüşləri avqustun 9-da keçiriləcək və qaliblər müəyyənləşəcək.


​Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.