“Xankəndi” doğma şəhərinə köçür
- 14:20
- 40
"Xankəndi" Futbol Klubunun əsas hədəflərindən biri komandanın fəaliyyətini daimi olaraq Xankəndi şəhərində təşkil etməkdir.
Bu barədə Rekord.az-a bölgə təmsilçisindən məlumat verilib.
Klubun maddi-texniki bazasının formalaşdırılması və müvafiq infrastrukturun yaradılmasından sonra komandanın doğma şəhərinə köçürülməsi nəzərdə tutulur.
Hazırda Xankəndidə komandanın daimi yerləşməsi üçün zəruri infrastruktur tam formalaşmadığından futbolçular və məşqçilər heyəti fəaliyyətlərini Bakı şəhərində davam etdirirlər. Bu səbəbdən komanda hələlik oyunlarda iştirak etmək üçün Xankəndiyə səfər edəcək.
Klub rəhbərliyi tərəfindən Xankəndi şəhər nümayəndəliyi ilə müvafiq məsələlər üzrə əlaqələrin qurulması, komandanın yerləşməsi üçün binanın müəyyənləşdirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır.
İlkin plana əsasən, zəruri təşkilati və infrastruktur məsələləri həll olunduqdan sonra, qış mövsümündən sonra komandanın Xankəndiyə köçürülməsi nəzərdə tutulur. Köçürülmənin dəqiq vaxtı müvafiq şəraitin yaradılmasından asılı olacaq.
Qeyd edək ki, "Xankəndi" FK üçün əsas prioritetlərdən biri yalnız ev oyunlarını doğma meydanda keçirmək deyil, həm də klubun gündəlik fəaliyyətini Xankəndidə qurmaq, şəhərin idman həyatına inteqrasiya olunmaq və bölgədə futbolun inkişafına uzunmüddətli töhfə verməkdir.