Aprel enişi: səbəblər və suallar
- 14:43
- 118
Mart ayını ideal keçirən “Kəpəz” üçün apreli fiasko adlandırmaq olar. Gəncə təmsilçisi ötən ay avrokuboklar uğrunda mübarizə aparan kollektivlərlə keçirdiyi 4 oyunda məğlubiyyət üzü görməsə də, bu ay Premyer Liqada qalmaq uğrunda yarışan rəqiblərlə qarşılaşmalarda bir xal belə qazana bilməyib.
Bəs problemin kökü nədədir? İlk baxışdan klub daxilində ciddi çatışmazlıq görünmür. Akademiyada futbolçular üçün hər cür şərait yaradılıb – qalmaq, qidalanma və asudə vaxtın səmərəli təşkili üçün bütün imkanlar mövcuddur. Maddi motivasiya da yetərincədir. Qazanılan hər qələbəyə görə futbolçulara yüksək məbləğdə mükafat verilir və bu mükafat təkcə əsas komanda üzvlərinə deyil, Akademiyanın digər üzvlərinə də şamil olunur.
Deməli, problem nə şəraitdədir, nə də motivasiyada. Ən çox səslənən fikirlərdən biri heyətlə bağlıdır. Doğrudur, “Kəpəz” Premyer Liqada ən az legionerə malik, yerli futbolçulara daha çox üstünlük verən kollektivdir. Üstəlik, komandanın hazırkı heyəti tam şəkildə baş məşqçi Azər Bağırov tərəfindən formalaşdırılmayıb – o, kollektivə mövsümün gedişində qoşulub və istədiyi bütün transferləri reallaşdıra bilməyib.
Lakin burada başqa bir məqam da var. Çalışdırıcı gəlişindən sonra bəzi futbolçularla yolların ayrılmasını istəyib və onun istəyi ilə yeni oyunçular heyətə cəlb olunub. Ola bilər ki, göndərilən futbolçular komandada qalsaydılar, bu gün zədəli və ya cəzalı oyunçuların yerini qismən də olsa doldurmaq mümkün olardı. Bu halda baş məşqçi yarımmüdafiəçini müdafiədə və ya müdafiəçini yarımmüdafiədə oynatmaq məcburiyyətində qalmazdı.
Digər tərəfdən, Azər Bağırov artıq ötən ilin oktyabrından komandadadır. Bu isə o deməkdir ki, kollektivi formalaşdırmaq və komandanı öz oyun fəlsəfəsinə uyğunlaşdırmaq üçün kifayət qədər vaxtı olub.
Elə bu səbəbdən də sadalanan arqumentlər tam əsaslı görünmür. Çünki məhz həmin heyət mart ayında uğurlu nəticələrə imza atdı, hətta son çempion “Qarabağ” üzərində mövsüm ərzində iki dəfə qələbə qazandı. Bu isə onu göstərir ki, komanda potensial baxımından rəqiblərindən geri qalmır və istədiyi zaman nəticə qazanmağı bacarır.
Belə olan halda əsas sual ortaya çıxır: nə dəyişdi? Ehtimallardan biri psixoloji amildir. Uğurlu seriyadan sonra komandanın özünə inamı həddindən artıq artdı və ilk uğursuzluq onları ciddi şəkildə sarsıtdı. Digər tərəfdən, klub ətrafında dolaşan müxtəlif söz-söhbətlərin də təsiri istisna edilmir. Baş məşqçi Azər Bağırovun adının müxtəlif klublarla hallanması, eləcə də növbəti mövsümdə heyətdə ciddi dəyişikliklərin olacağı ilə bağlı yayılan iddialar futbolçuların diqqətini yayındırır.
Amma bu amillər futbolçulara tam haqq qazandırmır. Çünki ortada konkret nümunələr var. “Şamaxı”, “İmişli” və “Qəbələ” komandalarında da oxşar söz-söhbətlər mövcuddur. “Şamaxı”da baş məşqçi Ayxan Abbasovun növbəti mövsümdən Azərbaycan millisinə fokuslanacağı ilə bağlı xəbərlər qeyri-rəsmi şəkildə təsdiqini tapıb. “İmişli” və “Qəbələ”də də məşqçi məsələsi ətrafında müzakirələr səngimək bilmir.
Buna baxmayaraq, “Şamaxı” Premyer Liqadakı yerini artıq təmin edib. “İmişli”nin də bunu reallaşdırması üçün cəmi 3 xal kifayətdir. “Qəbələ” isə “Kəpəz”lə aradakı 5 xallıq fərqi 1-ə endirib. Bu isə onu göstərir ki, söz-söhbətlərə baxmayaraq, digər komandalar nəticə qazanmağı bacarır.
Elə “İmişli” ilə oyundan sonra Azər Bağırov da bu məsələyə münasibət bildirərək qeyd etmişdi ki, futbolda dəyişikliklər qaçılmazdır və oyunçular bu kimi söhbətlərdən uzaq qalaraq peşəkar davranmalıdırlar.
Artıq vəziyyət kritik həddə yaxınlaşır. Mövsümün başa çatmasına cəmi 4 tur qalıb. “Kəpəz”i pley-off zonasından cəmi 1 xal, son pillədən 7 xal ayırır. Bu isə o deməkdir ki, qarşıdakı oyunlar komanda üçün həlledici xarakter daşıyır.
Əgər komanda tezliklə toparlana bilməsə, uğurlu mart ayının yaratdığı bütün müsbət təəssürat aprelin uğursuz nəticələri fonunda tamamilə kölgədə qala bilər.
Rekord.az