Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.


Rekord.az xəbər verir ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışın üçüncü günündə Azərbaycan millisinin daha 3 boksçusu qələbə qazanıb.


Onur Qurbanov (42 kq) 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşıb. O, döyüşü 5:0 (29:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə xeyrinə bitirib. Boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Qurbanov finala gedən yolda Mason Lonqla (İngiltərə) üz-üzə gələcək. Döyüş oktyabrın 24-də olacaq.


Sərxan Haqverdiyev (63 kq) 1/8 finalda Rikardo Karabası (Avstriya) sınağa çəkib. Boksçumuza rəqibini mübarizədən kənarlaşdırmaq üçün cəmi 57 saniyə kifayət edib. Haqverdiyev tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda David Yuldaşevi (Ukrayna) sınağa çəkəcək.


Nurlan Müseyibli (66 kq) də 1/8 finalda Mixael Nikolayenko (İsrail) ilə görüşün taleyini birinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü növbəti görüşündə Vladimir Versesjanla (Estoniya) döyüşəcək.


Hər iki boksçu 1/4 final görüşünə oktyabrın 23-də çıxacaq.


Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.