“Neftçi” bu gün Misli Premyer Liqasının 16-cı turunda “Karvan-Yevlax”ın qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:


“Mən bu oyunu iki hissəyə bölərdim, birinci və ikinci hissə. İlk hissədə oyunçular intensivlik göstərmədi. Çox da üstün oynamasalar da, ilk hissənin sonlarında rəqibə penalti şansı yaratdıq.


İkinci hissədə oyunçulara bildirdim ki, intensivliyi artırmasaq, qələbə qazana bilməyəcəyik. İkinci hissə başlayanda biz gördük ki, rəqib vaxtı çox uzadır. Buna baxmayaraq, çoxlu şanslarımız oldu. Şanslarımız yox, yüz faizlik epizodlarımız oldu. Və sonda 2:1 hesabı ilə qalib gəldik.


Ukraynada süni örtüklü meydançada oynamağa icazə verilmir, Azərbaycanda isə bu normaldır. Şərtlər hər iki tərəf üçün eyni idi. Əslində, bizə burda məşq keçməyimizi bildirmişdilər. Amma mən razı olmadım. Təbii örtüklü meydançada məşq keçməyi üstün tutduq. Çünki oyundan əvvəl zədələnmə ola bilərdi.


Bizim formamız ağ rəngdə idi, onlarda isə ağ-qara. Bu haqda oyunçulardan soruşmaq lazımdır.


Vensan Abubakar dünya futbolunun ulduzudur. Mənim ona heç bir sualım yoxdur. Mövsümün ortasında komandaya qoşulub. Hansı vəziyyətdə gəlməsi ilə bağlı fikrim yoxdur. Nəsə demək üçün komanda ilə toplanış keçmək lazımdır.


Kim ki mənim dediklərimə qulaq asmasa, az forma şansı qazanacaq. Mən futbolçulara hörmətlə yanaşıram, onlar da məşqçi heyətinə eyni davranmalıdır.


Gördüyüm odur ki, komandanın kapitanı Emin Mahmudov daha güclənib və oyunçuları öz arxasınca aparır. Mən də istəyirəm ki, belə olsun. Çünki kapitan komandanın lideridir və o, komandada mənim birinci köməkçimdir. Görürəm ki, komandanı arxasınca aparır”.