Məlum olduğu kimi, Elxan Məmmədovun AFFA-dan ayrılaraq Fransaya köçməsi və FİFA-da çalışmağa başlamasından sonra federasiyada faktiki qeyri-müəyyənlikdir. Düzdür, Məmmədovun səlahiyyətləri hazırkı baş katib Sərxan Hacıyevə həvalə olunsa da, futbolun içincə olan adamlar bilir ki, Hacıyev ciddi fiqur kimi qəbul olunmur. Yəni əlini stola vurub kiməsə diqtəsini yeridəcək qədər sərt xarakterə malik biri deyil. Sakit, yumşaq, üzüyola insandır. Onun məhz bu xarakterindən istifadə edən bəziləri federasiya daxilində öz zabitəsini yüksəltmək fikrindədir.

 

Rekord.az-a daxil olan məlumata görə, belə şəxslərin başında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə durur.

Sabiq milli üzvü son zamanlar bəzi məsələlərə fəal müdaxilə edir, idarəçilik bacarığını sübut etmək istəyir. Hətta deyilənə görə, İcraiyyə Komitəsinin iclası zamanı israrla legioner limitinin 7+4 olmasını təklif edib və əksər komitə üzvülərinin də fikirlərinə təsir edə bilib. Bu məsələdə PFL prezidenti Ramin Musayevlə kəllə-kəlləyə gəlməkdən də çəkinməyib. Lakin son anda Rövnəq Abdullayevin Musayevin qərarını dəstəkləməsi isə 6+5 qərarlı qüvvədə saxlanılıb.