"Bakı" haqqında... ağı
- 2020-05-22 14:40
- 4751
2011-ci ilin sentyabr ayının 8-i Azərbaycan futbolu üçün əlamətdar gün idi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etdi. Bu bazanın istifadə verilməsi Azərbaycanda idmana, o cümlədən də futbola göstərilən diqqət və qayğının təcəssümü kimi xarakterizə edilirdi. Açılış mərasimində cənab prezidentə məlumat verildi ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildi. Onlardan üçü təbii, ikisi süni örtüklüdü. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdı. O da qeyd olundu ki, süni örtüklü stadion regionda ən böyük qapalı futbol meydançasıdı. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdi. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdı. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu “Plasteco Milano” şirkəti tərəfindən hazırlanıb. Kompleksdə dünya standartları səviyyəsində yaradılan infrastruktur futbolun inkişafı, futbolçuların peşəkarlığının artırılmasında mühüm rol oynayacaq, yarışların keçirilməsinə imkan verəcək.
Açılış mərasimində uşaq futbolundan da danışıldı. İştirakçılar Azərbaycanda uşaq futbolunun inkişafının diqqət mərkəzində olduğunu xüsusiylə vurğuladı. Əminliklə bildirilirdi ki, “Bakı” futbol klubunun da məqsədi ölkədə idmanın bu növü üzrə milli kadrların yetişməsinə nail olmaqdı. Bunun üçün seçmə üsulu ilə “Bakı” futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır, elə burda da məşq edirlər. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, Türkiyə və Bolqarıstandan dəvət olunmuş mütəxəssislər öyrədirlər. Qeyd olundu ki, “Bakı” futbol klubu bütün yaş qrupları üzrə daxili çempionatlarda uğurla təmsil olunur. Hətta kompleksin ərazisində çimərlik futbolunun inkişafı da diqqətdən kənarda qalmayıb, burada qum örtüklü meydança yaradılıb...
Bəli, 2011-ci ilin 8 sentyabrında “Bakı” futbol klubu və onun yeni açılan bazası haqqında belə danışırdılar. Həmin mərasimdə ölkə prezidentinə məruzə edənlər onu əmin edirdilər ki, Azərbaycanda futbol iri addımlarla irəliləyir, kosmik sürətlə inkişaf edir. Onların dediklərinə inanır, biz də işıqlı gələcəyə ümid edirdik. Hesablayırdıq ki, 2016-cı ildə paytaxtımızda düzənlənəcək 17 yaşadək futbolçuların Avropa çempionatında millimiz uğurla çıxış edəcək. Ondan sonra “niyə də yox” deyib, dünya çempionatının finalçılarından birinə çevriləcəyik, Avro-2020-də isə azarkeşlər BOS-da öz millimizin oyununa baxacaqlar. Xəyal idi, elə xəyal olaraq da qaldı. Bu istəklərimizin heç birisi reallığa çevrilmədi.
“Bakı”nın adı çoxdandı ki, Premyer Liqa klublarının sırasında çəkilmir. Düzdü, çoxları Azərbaycan çempionatını “Bakı birinciliyi” adlandırır, iştirakçıların çoxu paytaxtı təmsil edir. Di gəl ki, onların arasında “Bakı” futbol klubu yoxdu. Hafiz Məmmədovun şah əsərini xatırladan “Bakı”nın akademiyasının yetirmələriylə klubun bazasıdı. Yetirmələr itib-batmaq üzrədi, bazanı da sökməyə başlayıblar. Yerində yaşayış kompleksi inşa edəcəklər. Biz isə ölmüş Azərbaycan futboluna ağı deyək.