Zirvədəki Dambrauskas
- 17:33
- 44
"Əqildə kamilliyimiz,
Yoxsa meyə nifrət edək...
- Ayə, yoxsa meyə nifrət edək?
- Yox ala...
Rind əhliyik meyxanaya cani-dildən hörmət edək,
Rind əhliyik meyxanaya cani-dildən hörmət edək".
Masazırlı böyük Əliağa Vahidə həsr olunmuş filmdə səslənən qəzəldən (meyxanadan) dialoqqarışıq bir parçadır.
Nədənsə, dünən Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında "bu günə qədər alkoqol qəbul etməmişəm, amma gecə bu qadağamı pozacam" deməsindən sonra yadıma məhz bu hissə düşdü.
Haqqıdır. Böyük məşqçidir, bu böyük qələbəni də istədiyi kimi qeyd etməyi haqq edib. Onun və komandasının bizə yaşatdığı sevinci hələ uzun illər unutmayacağıq. Sağ olsun.
"İştahamız pusquda bir həftədü,
Ay bu gecə keyf eləmək müftədü..."
Bu da Vahidindir. Şairin sözləri dünənki gecəyə tam uyğun gəlirdi. Toy, bayram kimi gecə idi...
* * *
Valdas Dambrauskas... Futbol oynamadan futbolu mükəmmələ yaxın öyrənə bilmiş, indi onu oynayanlara dərs keçən litvalı mütəxəssis. Qısa zamanda Azərbaycan futbolsevərinin ürəyinə yol tapmış bacarıqlı, istedadlı və dəlisov məşqçi. Bəli, dəlisov, çünki bəzən oynatdığı oyuna ancaq belə ad vermək olur. Dünən də komandası dəlilər kimi oynadılar. Özü də kənarda dayanıb, sakit göründü, amma sonda onun da soyuq şimallı yox, ruhən dəli cənublu ola bildiyini görə bildik.
"Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir..."
*
Valdas bura gələndə səhvlərlə başlamışdı. Yaxşı yadımdadı "Levski" ilə avrokubok matçlarında komandasını həddindən artıq müdafiədən oynatmış, bir növ qorxaqlıq etmişdi. Bu oyun belə nəticəyə gətirib-çıxartmadığından onu tənqid etmişdik. Düz də etmişdik.
Bəlkə də təzə idi, komandasına bələd deyildi, bəlkə də oyunçularının potensialına inanmırdı deyə bu cür alınmışdı. Ancaq sonra hər şey dəyişdi. İlk ilində ölkə kubokunu da, çempionluğu da qazana bildi.
Sonrakı mövsümün ortalarında isə ona bu komanda ilə bağlı verilən çoxsaylı suallara etiraz edərək məşhur "Azərbaycan futbolu tək "Qarabağ"dan ibarət deyil" cümləsini işlətdi. Çox cəsarətli, çox iddialı bir açıqlama idi. Çünki rəqibi bu ölkədə elə bil irs yaratmış, məğlubedilməz kimi qəbul olunması fikrini elə dərinləşdirmişdi ki, bir yeni gələn məşqçinin buna cəhdi belə müqəddəslərə söz atmağa bərabər idi.
Sonra gördük ki, adamın dilinə görə dilçəyi var və hazırda Azərbaycan tarixində ölkəyə gəlmiş ən yaxşı əcnəbi, bəlkə də Qurban Qurbanovdan sonra ümumiyyətlə ən yaxşı məşqçi statusunu qazandı. Bəlkə də. Hələ tezdir bu barədə danışmaq, amma dəqiq ən yaxşılardan biridir.
*
Dambrauskas çevik, oyunu yaxşı oxuya bilən, tez reaksiya verərək doğru müdaxilələr edən məşqçidir. Sistemi yaxşı qursa da, heyətində heç kim müqəddəs və toxunulmaz deyil. Oyunçulara qarşı çox tələbkardır. "Bu gün hazırsansa, yaxşısansa meydana çıxacaqsan, deyilsənsə çıxmayacaqsan" prinsipini özünə əsas götürür. Əslində, doğrusu da budur. Komanda şəxsi mülkü deyil və əldəki resurslardan maksimum və doğru yararlanmaq lazımdır.
Dambrauskas çox güclü analiz qabiliyyətinə, həmçinin sürətli adaptasiya bacarığı da malikdir. Rəqibə uyğun olaraq lazım olanda sürətli, yaxud uzun ötürmələrlə, yaxud pasla çıxmağı seçə bilər, lazım olanda geridən oynayıb təmkinli ola, lazım olanda isə ultra pressinqlə israr edib, istəyinə nail olana qədər əl çəkməyə bilər. Onu ən yaxşı halda ilk 20-25 dəqiqədə, iki oyunluq rəqabətdirsə, uzaqbaşı ilk matçda çətin duruma sala bilərsən. Sonra növbə ona çatacaq və rəqibin gücü ilə yanaşı zəif tərəflərini tez sezərək cavab addımını atacaq.
Dambrauskas hücum etməyi, rəngarəng oyunu sevən məşqçidir. Özü prosesdən zövq aldığı üçün eyni hissləri tamaşaçılara da ötürməyi xoşlayır. Onun "Sabah"ın matçları heç vaxt darıxdırıcı olmur.
Çox tərif etmək olar bu məşqçini. Dediyimiz hər söz də həqiqət olacaq. Azərbaycana belə mütəxəssislər çox az-az gəlir. O çempionatımıza rəqabət gətirib, rəqiblərinin daha güclü olmasına vəsilədir, özü ilə yanaşı onların da inkişafına təkan verir. Valdas kimilərin dəyərini bilməli, ondan öyrənməliyik. Bu adamdan futbolumuza çox xeyir gələcək.
İndi isə təşəkkür vaxtıdır.
Çox sağ ol, cənab Dambrauskas.
Əməyinə və əzminə görə təşəkkürlər!
Ačiū, pone Dambrauskas!