"Sumqayıt"ın "Kimyaçılar" fan klubu bu yaxınlarda 10 illik yubileyini qeyd etdi.

Rekord.az xəbər verir ki, fanat qrupunun ad günü komandanın "Sabah"la ev oyununa təsadüf etmişdi.

Bu münasibətlə xüsusi pankartlar da hazırlanmış və tribunadan asılmışdı. Lakin "Sumqayıt" bu oyunda məğlub olaraq, yubilyar fan kluba qələbə həsr edə bilmədi. Buna baxmayaraq, sumqayıtlı fanatlar nikbindir və komandalarının mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağına inanır. Biz də "Kimyaçılar"ın rəhbəri Sənan Mirzəyevlə söhbətləşib yubileylə bağlı təəssüratlarını öyrəndik: "Əslində fan klubumuz 2011-ci ildən fəaliyyət göstərir. Sadəcə, ilk illərdə adımız "Sumqayıt" fans" idi. 2014-cü ildən isə "Kimyaçılar"adını götürdük. Çünki Sumqayıt həm də "Kimyaçılar şəhəri" kimi tanınır və bu mənada fan klubumzun adını da buna uyğun etdik. Aradan keçən 10 ildə çox şeylər dəyişib. İlk vaxtlarda fan klubumuzun 50-60 nəfər üzvü var idi. Hazırda isə 200-dən çox rəsmi üzvümüz var. Üzvlərimiz arasında müxtəlif yaşda, müxtəlif peşələrdə çalışan insanlar var".

 

Mirzəyev fan kluba olan dəstəkdən də razıdır: "Fan klubumuzun təminat baxımından heç bir problemi yoxdur. Forma, bayraq, şərf, bayraq və digər atributlarla tam təmin olunmuşuq. Fan klubumuz bütün oyunlarımızda klubumuzun yanında olur. Bütün səfər oyunlarına gedirik. Gələcəklə bağlı da böyük planlarımız var. Əlimizdən  gələni edirik ki, təbliğat işlərini daha çox aparaq, sumqayıtlıları stadiona cəlb edək. Çünki mən düşünürəm ki, Sumqayıt stadionu oyunlar zamanı boş olmamalıdır. Heç olmasa arenanın 50 faizi dolmalıdır, Bu yöndə işlərə artıq start vermişik, Sumqayıtdakı universitetdə tələbələrlə görüş keçirmişdik. Eyni zamanda Bakıda sumqayıtlı tələbələrin daha çox təhsil aldığı universitetlərdə də analoji görüşləri keçirməyi düşünürük".

 

Mİrzəyev sonda "Sumqayıt"ın cari mövsümdəki çıxıı haqda da fikirlərini bölüşdü: "Biz artıq avrokuboklarda debüt etmişik. Bu, Ayxan Abbasovla birlikdə olub. İndi istəyirik ki, Samir Abasovla da buna nail olaq. Hazırda bunun üçün şansımız da var və şübhə etmirik ki, komandamız sona qədər mübarizəsini davam etdirəcək. Təbii ki, biz də Sumqayıt azarkeşləri, "Kimyaçılar" fan klubu olaraq sona qədər komandamıza dəstək olacayıq. İnanıram ki, mövsümün sonunda istəyimizə nail olacayıq və bu da fan klubumuzun yubileyi üçün ən gözəl hədiyyə olacaq".