Yevlax təəssüratları
- 15:00
- 26
20 ilə yaxındır idman jurnalistikasında olsam da, Yevlax stadionuna ilk dəfə idi baş çəkirdim. 13-cü turun "Kəpəz" - "Zirə" matçını izləmək üçün sözügedən şəhərə səfər etmişdim. Təəssüratlarımı qısaca sizinlə də bölüşmək istərdim.
Bakıdan Bərdəyə gedən avtobusa bilet alıv yola çıxdım. "Yevlaxın kruqu"nda düşüb stadiona getmək üçün taksi axtardım. İnsaf naminə "kruq"da taksi problemi yoxdur. Amma problem odur ki, tələssən belə, yolun uzanacaq. Çünki taksi səni stadiona aparmaq üçün öncə 1 km-ə yaxın üzü Ucara tərəf qayıdacaq, ordan körpünün yanından dönüb yenidən Yevlaxa tərəf qayıdacaq. daha sonra 1 km də sağa yol alıb mənzil başına çatacaq. Sürücüləri qınamıram, yol qaydaları bunu tələb edir.
İlk dəfə olduğum Yevlax stadionu haqda nə deyə bilərəm? İnfrastruktur olaraq, pis deyil. Etiraf edək ki, Yevlaxda uzun müddət futbolun olmamasına baxmayaraq, stadionu qoruyb-saxlaya biliblər. Onu da deyim ki, ərazi olaraq da kiçik sayıla bilməz. Məsələn, Tovuz stadionundan daha böyükdü. Əsas stadiondan əlavə ehtiyat meydança da var. Hansı ki, orada standardlara uyğun məşq meydançası salmaq olar. Bundan başqa, yeni tikilən bazanı da görmək imkanım oldu. Sadəcə, çox heyf ki, təbii otu çevirib süni eləyiblər. Məhz bu addımına görə "Karvan" klubunu hər zaman qınayacam.
Çatışmayan məqamlara gəlincə, təəssüf ki, əksər bölgə stadionlarında olduğu kimi, Yevlaxda da internetlə bağlı problem yaşadıq. Bəlkə də ev sahibi "Kəpəz" olduğu üçün bu problem yaşandı, onu deyə bilmərəm. Digər mühüm nöqsan mix zonanın olmamasıdır. Təsəvvür edin, jurnalistlər matçdan sonra futbolçulardan açıqlamaları çöldə alırdılar. Çünki giriş, dəhliz o qədər dardı ki, orda mix zona yaratmaq mümkün deyil. Ona görə media əhli çöldə, qapının ağzında gözləməyə məcbur idi. Nəzərə alsaq ki, üzü qışa gedirik, sabah yağışda, qarda necə olacaq, bunu aidiyatı şəxslər düşünməlidir. Heç olmasa çöldə hansısa şərait yaratmaq mümkündür. Ən azı bir tərəfi bağlamaqla mix zona düzəltmək olar.
Anar XANLAROV