Möhtəşəm derbidə triller - şərh
- 21:23
- 44
Möhtəşəm oyun oldu!
Sadəcə möhtəşəm.
Əsl Azərbaycan derbisinə layiq, gərgin, bol mübarizəli, sona qədər döyüşün getdiyi, "Neftçi"nin yaxşı başlayıb, "Qarabağ"ın yaxşı bitirdiyi çox gözəl bir qarşılaşma izlədik.
Çempionatın bəzəyi olacaq matçlardan biri
Bu oyun göstərdi ki, "Qarabağ" da, "Neftçi" də qızıl medal yarışında var olacaq, iddialı olacaqlar. "Sabah" rahatlaşmasın.
Təbii ki, qapıçılar derbiyə mənfi mənada damğalarını vurdular. Əvvəlcə Şahruddin öz ənənəsinə uyğun olaraq heç həvəskar kiperin buraxmayacağı səhvə yol verdi, son saniyədə isə Rza yaxşı oynamadı və qoltuğunun altından top buraxaraq "Qarabağ"ın xal qazanmasına şərait yaratdı. Qonaqlarda bu dəyişiklik məcburi edilmişdisə, meydan sahiblərində bu qərar baş məşqçinin idi.
Digər mövqelərdə hər iki komandada heyət optimala yaxın idi, məşqçilər əsasən ötən matçlardakı oyunçulara güvənmişdilər. Oyun planı da eyni idi: rəqibin hücum zonasında qarşılamaq, davamlı pressinqlə hədəfə çatmaq. Bu tərz öndə üstünlük gətirirdisə, müdafiədə, xüsusilə əks-hücumlarda arxa xətdə böyük boşluqların yaranmasına gətirib çıxarırdı. Qollar da əsasən bu formada vuruldu.
"Neftçi" davamlı təzyiq gördükdə son 10-15 dəqiqəni arxaya çəkilməyə məcbur olmaq problemini hələ də həll edə bilmir. Vernidubun tətbiq etdiyi intensiv futbol komandanı yorur, istər-istəməz kollektiv olaraq geridən əks-hücumlara güvənməyə çəkirdi. Bu dəfə də belə oldu. Qurbanov bunu sezərək 3-lü müdafiəyə, sistemi isə 3-4-3-ə çevirdi və basqı öz nəticəsini verdi. Yenidənqurma mərhələsinin başlanğıcında olan komanda üçün "Qarabağ" çox yaxşı oynadı və qarşıdakı matçlar üçün inam verdi. "Neftçi" də sürətli, mübariz görsəndi, yaxşı əks-hücumlar əldə etdi, amma onlardan yararlana bilməmələri işləri korladı. Görünən odur ki, ötən tur "Sabah"la matçda komanda çox yorulmuşdu və tam bərpa oluna bilməmişdi.
Hər halda, bərabərlik bu matçın ədalətli nəticəsi idi. "Qarabağ" da, "Neftçi" də qələbə qazanmaq üçün var güclərini ortaya qoya bildilər. Əsas da "Neftçi"nin böyük mübarizəyə qayıdışını görmək xoşdur. Ölkə futbolunun belə güclü, rəqabətədavamlı "Neftçi"yə ehtiyacı var.
Ən çox sevinən isə biz futbolsevərlər olmalıyıq. Gözəl, əsl derbiyə layiq matç izlədik. Ardı gəlsin!