“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
- 21:45
- 27
Misli Premyer Liqasının 8-ci turunda "Neftçi" "Qarabağ"la 3:3 hesablı heç-heçə edib.
Rekord.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra oyun haqda ümumi fikirlərini bölüşüb:
"Çox yaxşı və çətin oyun oldu. Güclü rəqibimiz var idi. Azarkeşlərimiz də bizə möhtəşəm dəstək göstərdilər. Hesabda dəfələrlə önə keçdik. Dördüncü qolu da vurduq, amma hakim onu qeydə almadı. Təəssüf ki, sona yaxın bir qədər dözmədik və iki qol buraxaraq heç-heçə ilə kifayətləndik. Buna baxmayaraq futbolçularımdan çox razıyam. Onlar bu gün meydanda əllərindən gələni etdilər, bütün güclərini sərf etdilər. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var və bunu edəcəyik. Qarşıda bir həftə vaxtımız var. Bu müddətdə “Turan Tovuz”la oyuna hazırlaşacağıq.
Ən vacib məqam futbolçularımızın psixoloji təzyiq altında qalmamasıdır. Bu, futboldur, belə hallar baş verir. Baş verənləri qəbul edib irəli baxmaq lazımdır.
Həm bizim, həm də “Qarabağ”ın heyətində çoxlu yeni futbolçu var. Komandanın formalaşması və oyunçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac duyulur. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Artıq çempionatın dörddə birini geridə qoymuşuq. Qarşıda bizi hələ 25 oyun gözləyir".
- Ardıcıl iki turda “Sabah” və “Qarabağ”la heç-heçə etdiniz. Mövsümün əvvəlində əsas rəqiblərlə oyunlarda belə nəticələr əldə etmək sizi qane edirmi, yoxsa qələbə gözləyirdiniz?
- Mən yalnız qələbə arzulayıram. Heç-heçə və ya məğlubiyyət istəməyim mümkün deyil. Əsas odur ki, gücümüzü toplayıb qarşımıza qoyduğumuz məqsədə doğru sona qədər irəliləyək.