“Zirə” bu gün Misli Premyer Liqasının 8-ci turunda “Kəpəz”in qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:


“Olduqca maraqlı oyun alındı. İlk hissədə daha çox taktiki savaş gedirdi. İkinci hissədə isə daha sürətli oyun oldu. Hər iki komanda qələbə qazana bilərdi. Bu cür atmosferdə “Kəpəz” həqiqətən, bu gün “12 oyunçu” ilə çıxış edirdi. Düşünürəm ki, bu gün hər iki komanda bir xal qazandı. Futbolçularıma təşəkkür edirəm. Əlimizdə olan oyunçular belə, risk altındadır. Çox ciddi problemlərimiz var. İnanıram ki, bunları geri qoyacağıq.


Çox gözəl atmosfer var idi. Sevindirici haldır ki, Azərbaycanda belə futbol meydançaları və belə atmosfer yaşanır. Bu gün burada məğlub olsaydıq da, inanın ki, o qədər də üzülməzdim.


Ümumən, yeni seleksiyalardan sonra komandada rəqabət artıb. Papunaşvilini əvvəlcədən meydana buraxsaydıq, onu əvəz etməyə oyunçu qalmayacaqdı. Bu gün çox istəyərdim ki, oyuna əsas heyətdə başlasın.


Çox fikirləşirik, futbolçularla müzakirələr aparırıq. Hər şeyi mətbuat konfransında danışmaq olmur. Son iki turda mütləq qələbə qazanmaq üçün meydana çıxırıq. Bu da müəyyən mənada oyunçular üzərində təzyiq yaradır, görürsən ki, son nöqtəni qoymaqda həyəcan yaşayırlar. Hər il əvvəlki turlarda çətinliklər yaşayırıq. İnanıram ki, bunu tez bir zamanda yoluna qoyacağıq. Maraqlı məqam odur ki, bəzi komandalar bizimlə oyunlarda yaxın formaya düşürlər. “Kəpəz”də də vəziyyət belə olmuşdu, indi “Sumqayıt” son iki turda qələbə qazanıb”.