“Yenilərin sayəsində güclənmişik” - Yuri Vernidub
- 01:27
- 35
“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə müsahibə verib.
Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə Sloveniya toplanışını dəyərləndirib:
“Təlim-məşq toplanışı yaxşı keçdi. Uşaqlar kifayət qədər yaxşı fiziki yüklənmə aldılar. “Osiyek”lə keçirdiyimiz oyun mənə hər şeydən çox xoş təsir bağışladı. Çünki bu matçda həm intensivlik, həm də sürət var idi. Görünürdü ki, futbolçular tədricən lazımi səviyyəyə çatırlar. Məğlub olmağımız psixoloji baxımdan müəyyən çətinlik yarada bilər. Bununla belə, hesab edirəm ki, ən vacib məsələ bu deyil. Əsas odur ki, təlim-məşq toplanışını, demək olar, zədəsiz başa vurduq. Hamı sağ-salamatdır. Artıq Bakıya qayıdırıq. Futbolçulara istirahət verəcəyik. Daha sonra isə ayın 23-də keçiriləcək oyuna hazırlaşacağıq. Rəqibimizin kim olacağını ayın 16-da öyrənəcəyik. Düşünürəm ki, hər şey plan üzrə gedir”.
O, yeni transferlər haqda təəssüratlarını bölüşüb:
“Yeni transferlərin komandaya necə uyğunlaşması mənim xoşuma gəlir. Onlar yaxşı anlaşırlar. Fikrimcə, yenilərin sayəsində güclənmişik. Bu mənada, heyətdə qalan futbolçuları da qeyd etməliyəm. Komandanın özəyi var. Bununla belə, düşünürəm ki, heyətimizi komplektləşdirməyə ehtiyac var. Çünki elə mövqelər var ki, Allah eləməsin, kimsə zədələnsə, dərhal problemlər yarana bilər. Buna görə də bu istiqamətdə işləyirik. Əlimizdən gələni edəcəyik ki, komandamıza daha gənc və onu gücləndirə biləcək oyunçular cəlb edək”.
Yuri Vernidub komandanın UEFA Konfrans Liqasına hazır olduğunu deyib:
“Hesab edirəm ki, tam hazırıq. Çünki yaxşı təlim-məşq toplanışı oldu. Bakıda keçirdiyimiz 8 gün ərzində hazırlığımızın təməlini qoyduq. 4 yoxlama oyunu keçirdik – 1-də qalib gəlib, 3-də məğlub olduq. Deyə bilərəm ki, rəqiblərimiz kifayət qədər güclü komandalar idi. “Partizan” və “ÇFR Kluj” da Konfrans Liqasında çıxış edəcəklər. “Osiyek” isə Xorvatiya çempionatında, adətən üst sıralarda yer alan klubdur. Hazırda onların müəyyən maliyyə problemləri var və buna görə ötən mövsümü istədikləri kimi keçirə bilməyiblər. Buna baxmayaraq, çox möhkəm komanda olduğu görünür. Xorvatiyada futbol məktəbi həmişə yüksək səviyyədə olub. Buna görə də düşünürəm ki, hər şey qaydasındadır. Ən əsası odur ki, hamımız evə sağ-salamat qayıdırıq. Mənim üçün ən vacib olan da budur”.