Masazırda o yekəlikdə stadion boş qalıb.


Tam boş deyil, bir müddət "Səbail" orda ev oyunlarını keçirəcək. Sonra köçəcəklər Qubaya.


Sonra birdəfəlik boş qalacaq. Böyük tutumlu, yaxşı qazonu, kafi infrastrukturu, Premyer Liqa görmüş, buna alışmış, hazır olan arena faktiki sahibsiz qalacaq. Qəribə bir vəziyyət yaranır: illərdir komandalarımız vardı, stadion tapmırdıq, indi stadion var, komanda yoxdur oynamağa. Stadionlarımız da o qədər çox deyil ki, "əşşi, qalıb da..." deyib etinasız yanaşaq. Bu işin başını buraxsaq, söküb yerində bina tikəcəklər, 3-5 ildən sonra da lazımımız olanda başımıza-dizimizə döyəcəyik ki, bəs gərək başqa cür davranardıq. 


Bu işin gələcək tərəfidir. Bu gün konkret nə etmək olar?


Sual budur: hansı klubumuz "Bank Respublika Arena"da məskunlaşa, kök sala bilər? Aşağı liqalarda olanların maddi gücü çatmaz. Ümid yalnız Premyer Liqadakılaradır, onlardan da iki variant qalır: "Araz" və "İmişli". Hə, icarə böyükdür, amma yola-yörəsəyə xərclənən pulu götürəndə Masazırda oynamaq o qədər də baha çıxmaz. Üstəlik, hər iki komanda adlarına rəğmən faktiki Bakıda məskunlaşıblar. Bir var ev oyunu üçün Şamaxıya, yaxud Yevlaxa gedəsən, bir də var Masazıra. 


Mən tam ciddi şəkildə, heç bir zarafata salmadan "İmişli"yə bura köçməyi, hətta adını dəyişərək "Masazır" (ya da nəsə buna oxşar, yerli bir şey) qoymağı təklif edərdim. "Sabah"ın gedişindən sonra yaranan boşluğu ilk dolduran tərəf buradakı kiçik də olsa futbol irsinə sahib çıxacaq. Özümüzü də, ictimaiyyəti də aldatmayaq: bu klub İmişliyə qayıdan deyil. Qayıdan çoxdan qayıtmışdı. Masazırda məskunlaşmaqda da ayıb heç nə yoxdur. Əksinə, rasional qərar olardı.


Misal üçün bu klubu dedim. Kim gələcəksə-gəlsin, fərqi yoxdur. Əsas odur ki, o stadionu boş qoymayaq.