“Yeni transferlər olacaq” - Zaur Həşimov
- 21:20
- 32
Zaur Həşimov "Şəfa"nın yeni baş məşqçisi təyin olunub.
Rekord.az xəbər verir ki, yeni çalışdırıcı komandanın mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis vaxtilə formasını geyindiyi kluba bu dəfə baş məşqçi statusunda dönməkdən qürur duyduğunu bildirərək üzərlərinə düşən məsuliyyətdən bəhs edib:
"Şəfa" mənim üçün doğma klubdur. Futbolçu kimi çıxış etdiyim komandaya baş məşqçi kimi döndüyüm üçün şadam. "Şəfa" uzun illər sonra Premyer Liqaya qayıtdı. Bu, bizim üçün böyük məsuliyyətdir. Etimada görə klubun prezidenti Kənan Sadıqlıya təşəkkür edirəm".
Baş məşqçi çempionatın startına az vaxt qaldığını xatırladaraq qarşıdakı hazırlıq prosesi və transfer siyasəti barədə də məlumat verib:
"Əlbəttə, işimiz asan olmayacaq. Ölkə çempionatının startına 2 aydan bir qədər artıq vaxt qalıb. Bu, yeni komanda üçün elə də uzun müddət deyil. Görüləcək işlər çoxdur.
Heyətlə bağlı planlarımız var. Komandada olan futbolçular barədə qərar verəcəyik. Yeni transferlərimiz də olacaq. Mənim bu komandaya gəlməyimdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm".