“Yaxşı oyuna görə qələbə verilmir”
- 18 Yan 2026 22:30
- 39
NTD basketbol komandası Azərbaycan Basketbol Liqasının 13-cü turunda "Abşeron Lions"la matçda sona qədər mübarizə aparıb.
Rekord.az xəbər verir ki, bu barədə baş məşqçi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, komandada əsas problemin hələ də həll edilmədiyini vurğulayıb:
"Yaxşı oyun keçirdik, lakin yaxşı oyuna görə qələbə verilmir. Hələ də əsas problemi həll edə bilmirik, baxmayaraq ki, bunun üzərində çox çalışırıq. Biz ribaundlarda uduzuruq. Bu gün müdafiədə rəqibə 16 ribaund verdik, özümüz isə cəmi 6 ribaund götürdük. Bu isə ikinci şans xallarıdır. Oyunu 7 xal fərqi ilə uduzduq. Biz 12 dəfə səhv etdik, rəqib isə 5 dəfə. Belə statistikaya baxmayaraq, sonadək mübarizə apardıq. Bu da onu göstərir ki, komandanın yaxşı potensialı var və daha artığına qadirdir. Qarşıda bizi iki vacib oyun gözləyir – səfərdə “Şəki”yə qarşı və evdə “Gəncə” ilə. Biz artıq qalib gəlməyə borcluyuq. Hamı bizdən qələbə gözləyir".
"Abşeron Lions" - NTD matçı 100:93 hesabı ilə başa çatıb.