"Region Liqası" çərçivəsində "Xocavənd" "Naftalan"la qarşılaşıb. Oyunun tarixi əhəmiyyəti ondan ibarətdir ki, matç Xocavənddə baş tutub. Tarixi hadisədir. Buna qədər Xankəndində kubok matçı keçirilmişdi. İlk liqa matçı isə Xocavənddə keçirildi. Məsələnin sevcindirici tərəfi odur ki, artıq işğaldan azad olunmuş ərazilərə gediş-gəliş də kifayət qədər rahatlaşıb, məhdudiyyətlər xeyli aradan qaldırılıb. Ümid edirəm ki, 2027-ci ildən portal icazəsi də birdəfəlik ləğv olunacaq. Başa düşürəm, bu ərazilər 30 ildir işğal altında qalmışdı, minalanmış ərazilər, dağıdılmış kəndlər şəhərlər, müharibənin ilk illəri terror, təxribat təhlükələri və s. Bundan başqa, dövlətin özü üçün də 30 il nəzarətində olmadığı ərazilərdə idarəetmə mexanizmi qurmaq üçün adaptasiya dövrü lazım idi. Amma artıq 6 il keçib və düşünürəm ki, bu müddət yetərlidir. Artıq portal tam ləğv edilməli, işğaldan azad olunmuş ərazilər də digər şəhər və rayonlarla tam qaynayıb-qarışmalı, məhdudiyyətsiz gediş-gəliş təmin edilməlidir. Təbii ki, mina təhlükəsi olan ərazilərə giriş qadağası saxlanılmaq şərti ilə.

Mövzuya qayıdaq, çox xoş və gözəl hadisə oldu. Həmkarım, Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev şəxsən Xocavənddə olub və bu matçla bağlı geniş yazı yazıb, maraqlananlar səhifəsinə girib oxuya bilər. Təxminən 10 il bundan qabaq Dağlıq Qarabağda tanınmamayn ölkələrin futbol yığmalarının dünya çempionatı keçirilirdi. Həmin turnirin bəzi oyunları həmçinin, Xocavənd stadionuna təyin olunmuşdu. Həmin görüntüləri ilk dəfə böyük əsəb, stresslə izləmişdim. Hətta müharibədən sonra Xocavənd sülhməramlıların nəzarətində qaldığı dönəmdə də həmin əsəb, stress davam edirdi. Amma artıq həmin görüntülərə fərqli hisslərlə baxıram. Özü də tez-tez. İndi insana zövq verir ki, bunlar hamısı keçmişdə qalıb, bu gün Xocavənddə Azərbaycan çempionatının oyunu keçirilir. Davamlı olsun, axarıncı olsun. Ən qısa zamanda Əsgəranın da bu axara qoşulmasını arzulayıram. Çünki orda da bir stadion var və çox istərdim ki, Əsgəranı da təmsil edən bir komanda formalaşsın və ev oyunlarını Əsgəranda keçirsin!