UEFA liqalar üzrə Millətlər Liqası qrup qaliblərinə pul mükafatı verəcək. Azərbaycan millisi Lixtenşteynə qalib gələrək (1:0) D qrupunda qrup liderliyini təmin edib və qitə futbol qurumunun müəyyənləşdirdiyi mükafata sahib çıxıb. D Liqasında iştirak üçün bütün komandalara 750 min avro verilir. Bundan başqa qrup qalibinə əlavə daha 750 min avro verilib. Beləliklə, millimiz ümumilikdə 1,5 milyon avro (təxminən 3 milyon manat) qazanıb. Maraq üçün deyim ki, bu, milli komandamızın tarixində bir ilkdir. Yəni hansısa nəticəyə görə UEFA-dan pul mükafatı almaq milli tarixində ilk dəfədir. Əcnəbilər illərdi gəlir, yeyir, çapıb-talayır axırda da gedir (bəziləri bir ətək təzminat da alır). Amma onlardan 5 dəfə az maaş alan yerli gəlib həm nəticə qazanır, həm milliyə, AFFA-ya pul qazandırır. Özü də hansı heyətlə, hamı gördü. Ölkədə futbolçu olmadığı bir dönəmdə. Hələ yenə bəyənmirik, tənqid edirik, ağız büzürük. Sanki böyük futbol ölkəsiyik, futbolçularımız səpələnib Avropaya. Millinin D liqasına düşməsinin də günahkarı Ayxan deyildi. Kimsə bəyənməyə bilər, bu gün Mourinyo, Qvardiola kimi məşqçiləri tənqid edənlər var. Amma realist olub hər şeyə ədalətli qiymət verməliyik. Ayxan Abbasov hansı dönəmdə millini qəbul etdi, hər kəs bilir. Santuş onsuz da viran olan olan millini daha da viran günə qoydu, sonra da təzminatını alıb getdi.

Ayxanı bir günün içində U-21-dən gətirdilər əsas milliyə. Çünki qarşıda Fransa, Ukrayna kimi millilərlə oyunlar var idi. Bəlkə də kimlərsə düşünürdü ki, Fransa 7-8 dənə vurar axırda "bu da sizin yerli məşqçi" deyib yenə əcnəbi arxasınca düşərik. Amma adam dağılmış millini toparlaya bildi, kimlər üçünsə gözlənilən və arzulanan ikinci "Oser faciə"si yaşanmad əksinə, milli Fransaya qol da vurdu, Ukraynadan xal da aldı. 2026-cı ili təhlil etdikdə isə milli Ayxan Abbasovun rəhbərliyi altında iki rəsmi turnirə qatıldı (“FIFA Series – 2026” və Millətlər Liqası) və hər ikisini də məğlub olmadan qazandı. İndi yenə kimlərsə deyəcək ki, guya bu nə turnirlərdi, nə böyük nəticədir filan, bəli, mən də demirəm ki, böyük turnirlərdi, böyük nəticələrdi, amma bu, baş məşqçinin problemi deyil artıq. Onun dövrünə düşən bu turnirlər olub, onun da hər ikisini qazanıb.

Bəzən yazırlar ki, müdafiədən oynadır, müdafiə futbolu oynadır. Daha deyən yoxdur ki, hücumçusu olmayan ölkənin millisi hücum futbolunu kiminlə oynasın? İkincisi, unutmayın ki, Ayxan milliyə 25-30 milyon büdcəsi olan "Qarabağ"dan, "Sabah"dan, "Neftçi"dən gəlməmişdi, sponsorsuz, dövlətin ayırdığı 2.5 milyonluq büdcəsi olan "Şamaxı"dan gəlmişdi. Ondan qabaq Premyer Liqaya yeni vəsiqə qazanan, sıfırdan formalaşan, büdcəsi və hədəfi indikindən qat-qat aşağı olan "Turan Tovuz"da, daha öncə legionersiz "Sumqayıt"da işləyib. Adamın işlədiyi klubların büdcəsi, heyəti də imkan vermirdi "1nömrə" ilə oynayasan. Əlinin altında bahalı legionerlər, geniş ehtiyat skamya yox idi. Azər Məmmədov "Kəpəz"də bir dəfə həvəslənib "1nömrə" kimi oynamaq istədi evdə "Şamaxı"dan 4 top buraxdı. Sonra çıxıb səmimi şəkildə etiraf elədi ki, biz hələ bu heyət, bu büdcə ilə "1 nömrə" oynamağa hazır deyilik. Ondan sonra uğurlu seriyanı sıraladı. Yəni sənin əlindəki büdcə, heyət nədirsə, taktikanı da ona uyğun seçməlisən.

Ayxan hansı klubda işləyib hamısında da döyüşkən komanda yaradıb. Baş məşqçi kimi ilk dönəmində "Zirə" ilə avrokuboklarda mərhələ keçib. "Sumqayıt"a bürünc medal, iki dəfə avrokuboklara vəsiqə qazandırıb, iki dəfə ölkə kubokunda final oynayıb. Bunları ona görə fakt kimi yazıram ki, kimlərsə düşünməsin ki, mən Ayxanı nəyincə xatirinə tərifləyirəm. Bu cür məşqçilərimizə dəstək olmalıyıq, arxasında durmalıyıq. Ona görə də Ayxan Abbasovla müqavilənin müddətinin uzadılmasının tərəfdarıyam və AFFA rəhbərliyi bununla ən düzgün addımı atmış olar. Yenidən hansısa əcnəbiyə ətək-ətək pul verib onun nağıllarını dinləyəcək zamanımız qalmayıb.

Anar XANLAROV