“Gəncləri milliyə qazandırmaq üçün ən yaxşı vaxtdır” - Ayxan Abbasov
- 22:30
- 25
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovun Andorra yığması ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirib.
Rekord.az xəbər verir ki, o, matçdan öncə bunları söyləyib:
“Bu, ilin son oyunudur. Stresli bir oyundan sonra yoldaşlıq görüşü keçirəcəyik. Andorra son illərdə inkişaf edən komandalardandır. Həqiqətən, baxanda baş məşqçisi neçə illərdir, səhv eləmirəmsə, 16 ildir komandada çalışır. Öz dəst-xətti olan milli komandadır. Biz sabah matça rotasiyalı heyətlə çıxacağıq. Bura gətirdiyimiz futbolçuların hər birinə şans vermək istəyirik. Ən önəmlisi isə gəncləri qazanmaq istəyirik. Çünki hər dəfə qeyd edirik ki, heyətimiz geniş deyil, say azdır. Amma bu gün gənclərimiz oynayır. O gəncləri milli komandaya qazandırmaq üçün ən yaxşı vaxtdır. Hansısa oyunlarda yükü öz üzərlərinə götürməlidirlər. Məncə, o oyunlardan biri də sabahdır. Dediyimiz kimi, inşallah, qalib gəlmək istəyəcəyik. İlin son oyununu yaxşı notlarla bitirmək istəyirik. Eminin millidə vida oyunudur. Yorğunluq olsa da, bunların hamısı ikinci plana keçəcək və sabah maksimum nəticə əldə etməyə çalışacağıq.
Emin oynayanda, yəni əsas heyətdə olanda birinci penalti vuranımız idi. Ondan sonra Toral gəlirdi. Amma əlbəttə, Emin meydançadadırsa, deməli, penaltini Emin yerinə yetirəcək.
Demək olar ki, iki oyunçudan başqa hamı dəyişiləcək. Sabah hamı debüt edəcək”.
Sabah keçiriləcək Andorra – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.