Utanmadan oynayanlar
- 2023-03-28 08:40
- 1635
Canni De Byazi deyib ki, İsveçə 0:5 uduzduğumuz qarşılaşmada əla oyun göstərmişik. Bəli, ağlı başında hər kəs adamın bizimlə türkün sözü, dalğa keçdiyinin fərqindədir. Lap loru dildə desək, italyan qoca bizimlə məzələnir. Ona yaşının bu vaxtında qalib ölkənin vətəndaşları ilə məzələnməyə şərait yaradanlar, ətəyindən tutub onu Bakıda saxlayanlar xəcalət çəkib, girməyə yer axtarırlarmı?
İranlı Höccət Haqverdi millimizin qapısından 9 top buraxdığı son iki oyunun ikisində də start heyətdə meydana çıxmışdı. Bundan sonra millimiz hər oyunda 19 top buraxsa da Höccətin müdafiədəki yeri toxunulmazdı. Niyəsi də odur ki, iranlı müdafiəçinin “Neftçi”yə gəlişini Canni De Byazinin dostları olan italyan menecerlər düz-qoş edib. Deməli, onu “qorumaq”, milli komandanın üzvü statusunda saxlamaq lazımdır. Əvəzində gənc Yusif İmanovu “sındırmaq”, Avstriya ilə oyunda buraxdığımız 4 qola görə onu “günah keçisi” elan etmək olar. Buna görə heç kim italiyalı çalışdırıcıya gözün üstündə qaşın var deyib, ondan hesabat tələb etməyəcək. Yusif olmadı, Emil oldu. Nə dəyişdi? Höccətin, Antonun, Riçardın, Alekseyin forma geydiyi millidə Azər Salahlıya, Musa Qurbanlıya yer tapılmır. Onsuz da uduza-uduza gedirik. Heç olmasa, bilərdik ki, öz futbolçularımız oynayır, ürəyi milli komanda üçün yananlar bu formanı geyinir.
Dostumuz Alim Cəfər deyir ki, milli komanda haqqında zarafat etməyə təzə mövzu qalmayıb, köhnələri qızdırıb, sonra da yemək lazımdır. Adam bilmir gülsün, yoxsa ağlasın. Alimin zarafatları bitdiyi kimi, bizim də tənqidlərimiz bitib. İllərdir deyirik, yazırıq, çıxış yolunu da göstəririk. Amma AFFA-nın başında oturanların qulaqları eşitmir, gözləri görmür. Problemlər xirtdəyimizdən də o tərəfə keçib, əncam çəkən yoxdur. Millinin hər oyunu bizim üçün ürəkağrısı, xəcalət, onlar üçün isə bol-bol “sutoçnı”, Avropanın fərqli şəhərlərinə səfərlər, yaxşı yeyib-dağıtmaq fürsətidir.
Avstriya ilə oyundan əvvəl “CBC Sport”un efirində verilişin aparıcısına qoşulub, dil-dil ötən Sənan Qurbanovla Aftandil Hacıyev deyirdi ki, illər sonra xeyli sayda səviyyəli futbolçu milliyə toplaşıb, məşqçinin seçim imkanı genişdir. Buyurun, cənablar. İndi də cəsarətli olun, həmin verilişdə yeni müzakirə açın. Deyin ki, Canni De Byazi bu qədər geniş seçimdən istifadə edə bilmədi, yenə el-aləmə rəzil olduq, qapımızdan 9 top buraxdıq. Onu da əlavə edin ki, De Byazi də, onun sərəncamında olanlar da xırda günahkarlardır, daha böyük günah sahibləri AFFA-nın başında oturanlar, futbolumuzu barmağına dolayanlar, futbola varlanmaq vasitəsi kimi baxanlardır. Şəxsən AFFA prezidenti Rövnəq Abdullayevdən başlamış Parisdən boylanan Elxan Məmmədov da daxil olmaqla indiki baş katib Sərxan Hacıyev və İcraiyyə Komitəsinin barmaqqaldıranlarıdır günahkarlar. Onlardır bu qalib xalqın millisini yadellilərin oylağına çevirib, onu Canni De Byazi, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç kimi fərsiz və tamahkar mütəxəssislərin asan qazanc yerinə çevirən, Azərbaycan futbolunu məhvə sürükləyənlər.
Meydanda topun arxasınca qaçanlar rəzalət tablosunun görünən iştirakçılarıdır. Görünməyənlər yuxarıda adlarını qeyd etdiklərimdi. Əsl utanmadan oyanlar o adamlardır. Allah onları utandırsın!