UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirinə start verilib
- 21:00
- 35
AFFA-nın Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə start verilib.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk oyunlar 7-9 yaşlı (2016, 2017 və 2018-ci il təvəllüdlü) qızlar arasında Nizami rayonu (C qrupu) üzrə mərkəz seçilmiş 242 saylı tam orta məktəbdə keçirilib və 4 komanda mübarizə aparıb.
Əvvəlcə 238 və 242 saylı məktəblərin, ardından isə 210 və 251 saylı məktəblərin komandaları qarşılaşıblar.
Turnirin açılış mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, 19 yaşadək qızlardan ibarət milli komandamızın baş məşqçisi Həbib Ağayev və 242 saylı məktəbin direktoru Sevinc Bayramova çıxış edərək, bütün iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, "Məktəbli Qızlar" turniri 7-9 yaşlı qızlar üçün nəzərdə tutulmuş pilot layihədir. İlkin olaraq bu mövsüm layihənin 2 regionda - Bakı üzrə seçilmiş 20 dövlət və özəl məktəbdə və Lənkərandan 10 məktəbdə keçirilməsi planlaşdırılır.
Turnirin təşkilində əsas məqsəd növbəti mövsüm AFFA U-10 Qızlar Liqasını yaratmaqla qızlar arasında erkən yaşlardan futbola marağın yaradılması və gələcəkdə aşağı yaş qrupu üzrə millilərə yeni futbolçuların cəlb edilməsidir.