Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Stok Siti” klubundan hücumçu Benik Afobeni, “Çelsi”dən isə yarımmüdafiəçi Lyuis Beykeri icarəyə götürüb.

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Artıq Trabzona gələn hər iki futbolçu tibbi müayinədən keçərək 1 illik icarə müqaviləsinə imza atıb. Afobe “Trabzonspor”da “79”, Beyker isə “8” nömrəli formanı geyinəcək.

Beyker “Trabzonspor”da qarşıdakı bir il ərzində 700 min avro qazanacaq. Afobe isə 1.3 miilyon avro qazanc əldə edəcək. Trabzon klubu “Stok Siti”yə də 100 min avro ödəyəcək.

“Arsenal”ın yetirməsi olan Afobe, karyerası ərzində “Haddersfild Taun”, “Ridinq”, “Bolton”, “Milluol”, “Şeffild Uednesdey”, “Milton Keynes Dons”, “Vulverhempton”, “Bornmut” kimi klublarda forma geyinib. O, 2018-ci ilin yayından “Stok Siti”dədir. İngiltərədə anadan olan, amma Konqo yığmasının uğurları üçün çalışan 27 yaşlı hücumçu, geridə qalan mövsümdə “Bristol Siti”də icarədə olub.

Beyker isə “Çelsi”nin yetirməsidir. 25 yaşlı ingilis yarımmüdafiəçi London klubunun əsas komandasında debüt etməsə də, 2015-ci ildən “Şeffild Uednesdey”, “Milton Keynes Dons”, “Vitess”, “Middlsbro”, “Lids”, “Ridinq” və “Fortuna” (Düsseldorf) kimi kollektivlərdə icarədə oynayıb.