“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda “İmişli” ilə qarşılaşıb.


Rekord.az xəbər verir ki, Quba Olimpiya stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib. Gürcü çalışdırıcı 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib:


“Çox yaxşı mübarizə apardıq. Təəssüf ki, iki xal itirdik. Futbolçularıma heç bir iradım yoxdur. Əksinə, onlara təşəkkür etmək istəyirəm. Yaxşı mübarizə apardılar. Sadəcə, təəssüf ki, iki xal itirdik. İki səhv buraxdıq və nəticədə hesabı bərabərləşdirdilər.


Düşünürəm ki, bu işə baxanlar meydança məsələsini diqqətdə saxlayacaqlar. Amma buna baxmayaraq, meydanda yaxşı mübarizə var idi. Sadəcə, müasir futbolda belə meydanlarda oyun keçirilmir.


Əslində, bu mövsüm çox səhvlər etmirik. Sadəcə, etdiyimiz səhvlər həlledici olur. Bütün komandalar səhv buraxır, amma bu hər dəfəsində qolla nəticələnmir. Burda bir az bəxt amili də var. Ümumiyyətlə, mövsümə diqqət yetirsək, biz oyun baxımından heç bir oyunda geri qalmırıq. “İmişli”nin futbolçusuna “qırmızı” verilməməsinin təsiri oldu. Həmin epizodun iştirakçısı mən olsaydım, həmin anda məni meydandan qovardılar, nəinki sarı vərəqə ilə cəzalandırmaq (gülür).


Komandada start heyətindəki futbolçuları əvəz edəcək yetəri qədər oyunçu yoxdur. İştirak ərizəsində də göstərilib.


Rəqib sonlarda açıq oynadı. Bundan istifadə edə bilərdik. Sadəcə, belə meydanlarda futbolçuları da qınamaq olmur. Əsas odur ki, məğlubiyyət seriyasını qırdıq. Yeni gələn futbolçular da komandaya uyğunlaşırlar”.