
"Sumqaylt"ın "İsa Süliman müəmması": nə zaman futbol oynayacaq?
- 15:00
- 104
Ötən yay hazırlığında ağır zədə alan "Sumqayıt"ın müdafiəçisi İsa Suliman hələ də sıraya qayıda bilmir.
Rekord.az xəbər verir ki, bir neçə dəfə onun dönüşü haqda məlumatlar yayılsa da, fakt odur ki, pakistanlı müdafiəçi 1 ildən artıqdır futboldan uzaqdı.
Bir ara fərdi məşqlədə başlasa da, görünür sonradan nələrsə düz getməyib. İş ondadır ki, dizin ön çarpaz bağlarından zədə alan futbolçu əməliyyat olunub. Əməliyyatdan sonra isə reablitasiya kursu keçib. Elə nə olubsa da, həmin reablitasiyada olub. Əldə etdiyimiz məlumata görə, kurs düzgün aparılmayıb. Yaxud nələrsə gözlənilən nəticəni verməyib. Məhz bu səbəbdən futbolçu yavaş-yavaş məşqlərə start versə də, sonradan ağrılar olduğu üçün yenidən həkim müayinəsinə ehtiyac yaranıb. Halbuki yay hazırlıq dönəmində "Sumqayıt"la təlim-məşq toplanışına yollanmalı idi. Təsadüfi deyil ki, 1 il futbolsuz qalmasına baxmayaraq, klub rəhbərliyi də müdafiəçiyə jest edərək, onunla yeni müqavilə bağlayıb. Lakin qeyd etdiyimiz kimi, ağrılar baş verdiyi üçün İsa yaşadığı İngiltərəyə geri dönməli olub. Orada həkimi ilə görüşüb və MRT çəkilişi zamanı məlum olub ki, həqiqətən də müalicə prosesində nələrsə düzgün olmayıb. Buna görə də onun üçün yeni müalicə proqramı tərtib olunub. Həmin proqrama görə, hər şey qaydasında olsa, Suliman noyabr-dekabr aylarında kollektiv məşqlərə qoşula biləcək. Həmin zaman da hər hansı problem baş verməsə, 2026-cı ildə yaşıl meydançalara qayıtması mümkündür. Bəs klubun bu məsələdə mövqeyi necədir, səbr edib futbolçunun dönüşünü gözləyəcək, yoxsa müqaviləyə xitam verilməsi haqda hansısa söhbət ola bilərmi. Bəlkə zədə elə durumdadır, müdafiəçinin futbola dönüşü risklidir? "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyev məsələyə belə münasibət bildirdi: "Futbolçumuz İsa Sulimanın ötən mövsümün əvvəlində diz bağlarından aldığı zədənin bərpası bizim gözlədiyimizdən də uzun çəkdi. Hazırda da futbolçu İngiltərədə reablitasiya prosesi keçir və ümid edirik ki, yaxın zamanlarda komandamıza qoşulacaq. Müqaviləyə xitam verilməsi ilə bağlı isə hər hansı məsələ müzakirə olunmayıb. Əksinə, baş məşqçimiz İliç də "Qarabağ"la oyundan sonra İsa haqda fikirlərini bildirdi ki, İsanın dönüşünü gözləyir".